“Beidou-3” naviqasiya sistemi üzrə iki peyk orbitə göndərilib

Sentyabrın 23-də Çin orbitə “Beidou-3” (BDS-3) naviqasiya sistemi üzrə iki peyk göndərib. Sinxua agentliyi xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.Məlumatda qeyd olunub ki, M-19 və M-20 kosmik aparatlarının “Çançjen-3B” raketdaşıyıcısı və “Yuançjen-1” yuxarı pilləli raketi ilə buraxılışı ölkənin cənub-qərbində yerləşən Sıçuan vilayətinin Siçan kosmodromundan həyata keçirilib.Korporasiyanın məlumatında bildirilir ki, Çinin “Beidou” qlobal naviqasiya sisteminin yaradılması prosesi 2020-ci ildə başa çatacaq. Həmin vaxt bu sistemin orbitdə fəaliyyətinin təmin edilməsi məqsədilə kosmosda onlarla kosmik aparat işləyəcək. Çin artıq kosmosda üç nəsil naviqasiya peykini (BDS-1, BDS-2 и BDS-3) yerləşdirib.“Çançjen” raketdaşıyıcılarının 312-ci buraxılışı da qeydə alınıb. Hazırda Çin onların vasitəsilə “Beidou” peyklərinin 48-ni orbitə göndərə bilib, bu aparatlardan 23-ü isə BDS-3 sisteminə daxildir. Bu ölkə son illər milli kosmik proqramını daha fəal şəkildə həyata keçirərək orbitə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri göndərir. Ayın tədqiqi ilə də məşğul olan Çin korporasiyası 2020-2025-ci illərdə Marsın öyrənilməsi missiyasını da həyata keçirmək niyyətindədir.xeber100.com

Sentyabr 23, 2019 2:41

BMT Baş Assambleyası 74-cü sessiyasının ilk plenar iclası keçiriləcək

Sentyabrın 24-də Nyu-Yorkda dünya ölkələri liderlərinin iştirakı ilə BMT Baş Assambleyası 74-cü sessiyasının ilk plenar iclası keçiriləcək.Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, BMT Baş Assambleyası 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bəndə ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb. O deyib: “Gələn il biz Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 75 illik yubileyini qeyd edəcəyik. Bu münasibətlə qarşımızda ölkələr arasında etimadsızlığı azaltmaq istiqamətində unikal imkan meydana çıxıb. Bizim hamımızın eyni hədəflərimiz var və bu səbəbdən birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Qurucu atalarımızın ideyalarını həyata keçirmək üçün təşkilatda biganəliyə və qətiyyətsizliyə son qoymalıyıq”.BMT-nin Baş Assambleyası təşkilatın yeganə orqanıdır ki, burada hər bir üzv dövlət bərabər təmsilçiliyə malikdir. Məşvərətçi orqan olan Baş Assambleyada mühüm məsələlər üzrə - sülh və təhlükəsizliyə dair tövsiyələr, Təhlükəsizlik Şurasının üzvlərinin seçilməsi qərarları üçdəiki səs çoxluğu ilə, digərləri isə sadə səs çoxluğu ilə qəbul edilir. Assambleyada hər bir dövlət bir səsə malikdir, BMT-yə üzvlük haqqını ödəməyən dövlətlərə də səsvermədə iştirak etmək hüququ verilə bilər.Bundan əvvəlki – Baş Assambleyanın 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa olub.xeber100.com

Sentyabr 21, 2019 7:22

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 10:17