Formula 1 Azərbaycan Qran-Prisinə akkreditasiya prosesinə start verilib

Martın 9-da Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verilib. Qeydiyyat prosesi aprelin 14-dək davam edəcək.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətinin məlumatına görə, iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi də daxil olmaqla 2022-ci il üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən həyata keçirilir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur.Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb ediləcək. 2022-ci ildəki yarışlara COVID-19 virusuna qarşı iki doza vaksin vurdurmuş və peyvənd sertifikatının etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiyadan keçə biləcəklər. Peyvəndin ikinci dozasının üzərindən altı aydan çox keçmiş media nümayəndələrindən “buster” doza vurdurmaları xahiş edilir. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.xeber100.com  

Mart 9, 2022 3:32

Azərbaycan Milli Karate Federasiyası yeni layihəyə start verib

Azərbaycan Milli Karate Federasiyası 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançılar cəlb etmək məqsədilə yeni layihəyə start verib.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Olimpiya ümidləri” adlı layihədə 12-13 yaşlı uşaqlar arasında keçirilmiş respublika çempionatının mükafatçıları iştirak edirlər. Belə ki, layihə çərçivəsində həmyaşıdları arasında fərqlənən perspektivli karateçilərə həftədə bir dəfə xüsusi məşqlər keçiriləcək. Məşqlər tanınmış karateçilər və milli komandaların məşqçilərinin iştirakı ilə baş tutacaq.“Olimpiya ümidləri” layihəsinin ilk məşqi rəmzi olaraq Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində başlayıb. Dünyaşöhrətli karateçilərimizdən biri olan, 14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Şahin Atamov 12-13 yaşlı karateçilərə fərdi təcrübəsindən təlim keçib.Perspektivli azyaşlı karateçilərə növbəti həftələrdə Niyazi Əliyev, Rafael Ağayev, İrina Zaretska, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Qurban Tağıyev və Denis Morozov kimi karate mütəxəssisləri dərs keçəcəklər. Beynəlxalq dərəcəli hakim Cahangir Babayev isə onlara yarış qaydaları və yeniliklərlə bağlı məlumatlar verəcək.“Olimpiya ümidləri” layihəsinə Cahangir Babayev və Novruz Əliyev nəzarət edirlər. İlk məşqi izləyən federasiya prezidenti Yaşar Bəşirov tanınmış karate mütəxəssislərimizin rəhbərliyi ilə icra edilən bu layihənin perspektivli karateçilərin idman karyerasında müsbət rol oynayacağından əmin olduğunu söyləyib, onlara uğurlar arzulayıb. O, Azərbaycan karatesinin dünyada yüksək nüfuzunun qorunması üçün federasiyanın bütün imkanlardan istifadə etdiyini və yeni inkişaf planları üzərində işləndiyini bildirib.xeber100.com

Mart 7, 2022 12:54

Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib

Martın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib."Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.Matçın əvvəlində qonaqlar ciddi itki ilə üzləşib. Omar Hani epizodların birində ayağından aldığı zərbə səbəbindən 10-cu dəqiqədə yerini Ülvi İsgəndərova verməli olub. Bundan 8 dəqiqə sonra isə "Qarabağ" hesabı açıb. Braziliyalı yarımmüdafiəçi Kadi Borges cərimə zərbəsindən topu birbaşa rəqib qapısına göndərib."Qəbələ" bərabərlik qolunu 40-cı dəqiqədə vurub. Kevin Medina İsnik Alimini yerə yıxdığı üçün Elçin Məsiyev "Qarabağ"ın qapısına penalti təyin edib. İsnik Alimi bu fürsətdən lazımınca yararlanmağı bacarıb - 1:1. İlk hissə bu hesabla başa çatıb.Meydan sahibləri ikinci hissədə aşkar üstünlük əldə ediblər. Matçın 50-ci dəqiqəsində əks-hücum nəticəsində qonaq komandanın müdafiəçisi Murad Musayev və qapıçı Nicat Mehbalıyevin kobud səhvindən yararlanan İbrahima Vadji Premyer Liqada 5-ci qolunu vurub.Oyunun 65-ci dəqiqəsində isə künc zərbəsindən sonra Medina fərqi artırıb. Bundan 3 dəqiqə sonra Filip Ozobiç komandasının 4-cü, özünün isə çempionatda 8-ci qolunu vurub. Matçda son nöqtəni 89-cu dəqiqədə Abdullah Zubir qoyub. O, Premyer Liqada 7-ci qolunu vurub.Beləliklə, xallarını 40-a çatdıran "Qarabağ" ilk pillədə möhkəmlənib. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ehtiyatda "Sumqayıt"la təxirə salınmış oyunu da var. "Qəbələ" isə 32 xalla 3-cü yerdə gedir.xeber100.com

Mart 6, 2022 1:00