7-ci beynəlxalq super turnirdə ikinci yarış gününə start verilib

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə dekabrın 19-da ikinci yarış gününə start verilib.Bu gün rapid yarışlarında ikinci və üçüncü turun oyunları keçiriləcək.İkinci turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gəlirlər. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşır. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakin ilə üz-üzə gəlir.Üçüncü turda Ş.Məmmədyarov rusiyalı S.Karyakinlə, V.Əsədli isə R.Məmmədovla oynayacaqlar. Çexiyalı D.Navara V.Anand (Hindistan), macarıstanlı R.Rapport isə F.Karuana (ABŞ) ilə qarşılaşacaqlar.Vüqar Həşimov memorialına dekabrın 24-də yekun vurulacaq. İlk turdan sonra Ş.Məmmədyarov, R.Rapport və F.Karuana 3 xalla ilk sıraları bölüşürlər. R.Məmmədov 2 xalla 4-cü, V.Anand isə 1 xalla 5-cidir. V.Əsədli, D.Navara və S.Karyakinin isə xalı yoxdur.Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.xeber100.com

Dekabr 19, 2021 1:26

Ölkə çempionatlarının açılış mərasimi keçirilib

Dekabrın 17-də qadın və kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.“Murov” idman klubunda təşkil olunan mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Federasiya prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyasının bütün sahələrə, o cümlədən idmana, eləcə də voleybola təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, bu səbəbdən voleybol üzrə sonuncu ölkə çempionatı da yarımçıq dayandırılıb.Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən söhbət açan C.Qurbanov bildirib: "Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük Qələbəyə imza ataraq tarixi torpaqlarını işğaldan azad edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.O, otuz ilə yaxın müddətdə ata-baba yurdunun həsrətini çəkən xalqımızın bu şanlı Zəfər sayəsində artıq doğma torpaqlarına qovuşduqlarını bildirib.Federasiya prezidenti yaxın gələcəkdə voleybolun inkişafı istiqamətində bir sıra işlərin görüləcəyini vurğulayıb.Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev çıxışında son illərdə ölkəmizdə voleybolun inkişaf etdiyini bildirib. Qeyd edib ki, gələcəkdə regionlardan gənc və perspektivli voleybolçuların, eləcə də əcnəbi idmançıların oyunçuların cəlb olunması planlaşdırılır.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionat açıq elan olunub.Qeyd edək ki, mövsümə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start verilib. Daha sonra kişi voleybolçular meydana çıxacaqlar. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan əvvəl çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.Super Liqada “Murov” və “Abşeron” ilə yanaşı, “Azərreyl” və UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Express” və “Sərhədçi” komandaları qüvvələrini sınayacaqlar. Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz keçiriləcək .Qeyd edək ki, dekabrda qadınlar və kişi voleybolçular arasında Birinci liqa yarışlarına da start veriləcək.xeber100.com

Dekabr 17, 2021 8:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək

Dekabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək.İlin sonuncu turu iki qarşılaşma ilə başlayacaq.Günün birinci matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla ikinci, qonaqlar isə 21 xalla dördüncü pillədə qərarlaşıblar.Komandalar çempionatda 52 dəfə üz-üzə gəliblər. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. On iki qarşılaşmada heç-heçə qeydə alınıb. Top nisbətində də “ağ-qaralar”ın üstünlüyü var - 77:64. “Neftçi” 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. “Qəbələ” isə son on Premyer Liqa matçında “Neftçi”yə qalib gələ bilməyib.Günün ikinci oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 12 xalla altıncı, paytaxt klubu 11 xalla yeddinci yerdədir. Çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri meydanı 3 xalla tərk edib. On qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də “Keşlə” üstündür - 51:37. Buna baxmayaraq, bu il ölkə kubokunun finalında “Sumqayıt”a qalib gələn komanda çempionatdakı son dörd matçda qələbə qazana bilmir. “Gənclik şəhəri” təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.Tura dekabrın 16-da oynanılacaq “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xal olan “Qəbələ” ikinci, 22 xal olan “Zirə” üçüncü, bir xal az toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.xeber100.com

Dekabr 15, 2021 12:56