Macarıstanın paytaxtı Budapeşt şəhərində Bədii Gimnastika üzrə XII ənənəvi Beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib.Turnirdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Misir, Avstriya, Xorvatiya, İrlandiya və Türkiyənin 25 idman klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz – artıq yalnız qələbələrinə adət etdiyimiz on bir yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq halqa və alətsiz çıxışları ilə ən yüksək bal toplayıb. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında ümumi hesabda birincilik əldə edib və yarışın ən yüksək kürsüsündə qərarlaşıb. Mina Abbasova Bakıda fəaliyyət göstərən, beynəlxalq dərəcəli hakim və məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Gymkids” klubunun üzvüdür.İndiyə kimi müxtəlif ölkələrdə keçirilən saysız-hesabsız yarışlarda 30-dan çox kubok, 40-dan çox medal qazanıb. Xatırladaq ki, Mina Abbasova beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunda bədii gimnastika ilə məşğul olmağa başlayıb.Hazırda Bakıdakı 6 nömrəli orta məktəbdə təhsil alan Mina Abbasova: “Sevincim hədsizdir. Zəfər Günündə, Qələbə günündə mən də Vətəndən uzaqlarda qələbə qazandım. “Mina Abbasova – AZƏRBAYCAN” kəlmələri elan olunanda sevincimin həddi-hüdudu yox idi. Çünki bu yarışa Qalib Bakıdan gəlmişdim və burada da qalibiyyəti itirmədim. Qələbə ölkəmizə və xalqımıza doğrudan da çox yaraşır”.xeber100.com