Bədii Gimnastika üzrə XII ənənəvi Beynəlxalq yarışlar keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Bədii Gimnastika üzrə XII ənənəvi Beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib.Turnirdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Misir, Avstriya, Xorvatiya, İrlandiya və Türkiyənin 25 idman klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz – artıq yalnız qələbələrinə adət etdiyimiz on bir yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq halqa və alətsiz çıxışları ilə ən yüksək bal toplayıb. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında ümumi hesabda birincilik əldə edib və yarışın ən yüksək kürsüsündə qərarlaşıb. Mina Abbasova Bakıda fəaliyyət göstərən, beynəlxalq dərəcəli hakim və məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Gymkids” klubunun üzvüdür.İndiyə kimi müxtəlif ölkələrdə keçirilən saysız-hesabsız yarışlarda 30-dan çox kubok, 40-dan çox medal qazanıb. Xatırladaq ki, Mina Abbasova beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunda bədii gimnastika ilə məşğul olmağa başlayıb.Hazırda Bakıdakı 6 nömrəli orta məktəbdə təhsil alan Mina Abbasova: “Sevincim hədsizdir. Zəfər Günündə, Qələbə günündə mən də Vətəndən uzaqlarda qələbə qazandım. “Mina Abbasova – AZƏRBAYCAN” kəlmələri elan olunanda sevincimin həddi-hüdudu yox idi. Çünki bu yarışa Qalib Bakıdan gəlmişdim və burada da qalibiyyəti itirmədim. Qələbə ölkəmizə və xalqımıza doğrudan da çox yaraşır”.xeber100.com

Noyabr 8, 2021 8:14

Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib

Noyabrın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib. "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub. Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. Matçın 90+5-ci dəqiqəsində Məqsəd İsayev fərqi iki topa çatdırıb. Oyunun 56-cı dəqiqəsində paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" ikinci pilləyə yüksəlib. Doqquz xala malik "dənizçilər" isə yeddinci sıradadır.Xatırladaq ki, bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə tura yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) bu turu Zəfər turu elan edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.xeber100.com

Noyabr 7, 2021 5:45

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib

Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasimdə əvvəlcə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək Bakının artıq yeddinci dəfə bu nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib: “Bakıdakı budəfəki yarış fərqli şəraitdə keçirilir. Builki turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına müsbət təsiri olacaq. Eyni zamanda, bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi”.Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın paytaxt Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirən R.Nəbiyev döyüş meydanında qazanılan tarixi Qələbə sayəsində torpaqlarımızın otuz ildən sonra işğaldan azad olunduğunu deyib.Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin olduğunu vurğulayan R.Nəbiyev bildirib: “Ən nüfuzlu cüdo yarışlarının Azərbaycanda təşkili ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir. Azərbaycanda ən mötəbər turnirlər yüksək səviyyədə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində ölkəmizdə idman, o cümlədən cüdo sahəsində böyük nailiyyətlər əldə edilib”.IJF-in prezidenti Marius Vizer COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlərin arenaya buraxılmamasının təəssüf doğurduğunu vurğulasa da, cüdonun təbliği baxımından bu yarışın əhəmiyyətini yüksək qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.Sonra “Böyük Dəbilqə” turnirində mübarizə davam etdirilib.Mötəbər turnirdə 29 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.xeber100.com    

Noyabr 5, 2021 6:10