UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununda

Ağdamın “Qarabağ” klubu noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, H qrupunda yer alan ağdamlılar səfərdə Qazaxıstanın “Kayrat” klubunun qonağı olacaqlar. Almatıdakı “Ortalık” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntian idarə edəcək.“Kayrat” ilə oyundan əvvəl Qurban Qurbanovun yetirmələrinin heyətində üç itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero zədəsi yeni sağaldığı üçün Qazaxıstana aparılmayıb. Bundan başqa, “Neftçi” ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra ayaq əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. Almatı təmsilçisinin heyətində isə müdafiəçi Qafurjan Suyumbayev zədə səbəbindən matçı buraxacaq.Hazırda qrup lideri ilə eyni – 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.xeber100.com  

Noyabr 4, 2021 11:55

İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib

Oktyabrın 31-də futbol üzrə İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turun əsas maraq doğuran görüşü “Olimpiko” stadionunda oynanılıb. “Roma” klubu cari mövsüm məğlub olmayan “Milan” komandasını qəbul edib. Gərgin keçən görüşə daha fəal başlayan “Milan” ardıcıl təhlükəli hücumlardan sonra matçın 26-cı dəqiqəsində hesabı açıb. Zlatan İbrahimoviç uzaq məsafədən təyin olunmuş cərimə zərbəsini baxımlı qolla tamamlayıb. Baş hakim Fabio Mareska ilk hissənin sonuna qədər hər iki komandanın futbolçularına dörd sarı vərəqə göstərib.Fasilədən sonra hücumlarını davam etdirən milanlılar yenidən fərqlənsə də, baş hakim qolu qeydə almayıb. Buna səbəb isə Zlatan İbrahimoviçin ötürmə zamanı oyundan kənar vəziyyətdə olması olub. Buna baxmayaraq, yeddi dəqiqə sonra "Milan" hesab arasındakı fərqi iki topa çatdırmağa nail olub. "Roma" klubunun müdafiəçisi Rojer İbanez cərimə meydançasının daxilində Zlatan İbrahimoviçə qarşı kobud oynayıb. Buna görə hakim paytaxt təmsilçisinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Frank Kessi fürsəti əldən verməyib. Matçın 66-cı dəqiqəsində "Milan" komandası azlıqda qalıb. Teo Hernandes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə "Roma" qollardan birinin əvəzini çıxıb.Məğlubiyyətdən qaçmaq üçün "Roma" klubunun baş məşqçisi Joze Mourinyo bir neçə əvəzetmə etsə də, hesab dəyişilməyib. Beləliklə, "Milan" cari mövsüm məğlubiyyətsiz seriyasını davam etdirir.Bu nəticədən sonra xal ehtiyatını 31-ə çatdıran "Milan" eyni xal toplayan "Napoli" ilə birinci və ikinci yerləri bölüşür. "Roma" isə 19 xalla beşinci yerdə qərarlaşıb.Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: "Atalanta" - "Latsio" - 2:2; "Verona" - "Yuventus" - 2:1; "Torino" - "Sampdoriya" - 3:0; "İnter" - "Udineze" - 2:0; "Genoa" - "Venesiya" - 0:0; "Sassuolo" - "Empoli" - 1:2; "Fiorentina" - "Spesiya" - 3:0; "Salernitana" - "Napoli" - 0:1. Tura bu gün keçiriləcək "Bolonya" - "Kalyari" oyunu ilə yekun vurulacaq.xeber100.com  

Noyabr 1, 2021 3:30