“Neftçi” futbol klubu növbəti oyunu barədə azərkeşlərinə müraciət edib

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqustun 10-da saat 21:00-da “Neftçi Arena”da qardaş Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq. Bununla əlaqədar olaraq “Neftçi” klubu bəyanat yayıb. Bəyanatda bildirilir ki, həm ölkəmizdə olan, həm də qardaş ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna böyük marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır. “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq. Qeyd edək ki, oyunun biletləri bu gün “itikcet.az” saytında satışa çıxarılacaq.xeber100.com

Avqust 8, 2023 1:24

Şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib. Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək. Nicat Abasov - Aniş Giri (Niderland) görüşündə də eyni nəticə rəsmiləşib. İlk görüşdə olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi sabah tay-brekdə məlum olacaq. FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla heç-heçəyə razılaşıb. Hər iki şahmatçı sabah tay-brekdə qarşılaşacaq. 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Həmyerlimiz Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb. Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. 6 saatdan artıq davam edən görüşün ortalarında Ülviyyə üstünlük əldə etməsinə baxmayaraq istədiyi nəticəni əldə etməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Ülviyyə Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.xeber100.com

Avqust 6, 2023 2:01

Güləş üzrə U-17 dünya çempionatı sona çatıb

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona çatıb. Yarışın 6-cı günündə daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub. Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub. Sədrəddin Həsənov (51 kq) türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb - 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb - 2:10. Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub. İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabı ilə məğlub olub. Səid Paşayev (92 kq) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.xeber100.com

Avqust 6, 2023 1:58