Formula 1-də keçirilən ənənəvi test yarışları başa çatıb

Formula 1-də yeni mövsüm öncəsi keçirilən ənənəvi test yarışları başa çatıb.Azərtac xəbər verir ki, ilk gündə finiş xəttini birinci keçən Maks Ferstappen ("Red Bull") Bəhreyndəki son sınaq xarakterli yürüşdə də rəqiblərini qabaqlayıb. Niderlandlı pilot Bəhreynin “Sahir” trassında keçirilən yarışda 64 dövrəni 1 saat 28 dəqiqəyə tamamlayıb. İkinci pilləni isə bu mövsüm Formula 1-də debüt edəcək “Alfa Tauri”nin yaponiyalı piloti Yuki Tsunoda tutub. Test yarışlarının ilk iki günündə uğursuz nəticə ilə yadda qalan “Ferrari” bu dəfə avtoidman həvəskarlarını təəccübləndirə bilib. Bu komandanın heyətində debüt mövsümünü keçirəcək Karlos Sayns yarışı üçüncü sırada başa vurub. Cümə və şənbə günləri yüskək nəticələr əldə edə bilməyən son dünya çempionu Luis Hqmilton bu dəfə heç də pis təsir bağışlamayıb. “Mersedes”in britaniyalı pilotu liderdən 1 dəqiqə geri qalaraq finiş xəttini beşinci sırada başa vurub. “Ferrari”də keçirdiyi illərdə uğursuzluqla yadda qalan Sebastyan Fettel isə deyəsən “Aston Martin”də də eyni aqibətlə üzləşəcək. Hər halda, Bəhreyndəki test yarışları belə düşünməyə əsas verir. İlk iki gündə bolidində problemlər yaşayan dördqat dünya çempionu bazar günü yarışı 17-ci pillədə başa vurub.Xatırladaq ki, Formula 1-də yeni mövsüm martın 27-də elə Bəhreyndə start götürəcək. Həmin gün komandalar təsnifat mərhələsində qüvvəsini sınayacaq. Növbəti gün isə final mərhələsi keçiriləcək.xeber100.com

Mart 16, 2021 10:20

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

Martın 16-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində daha iki cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, qarşılaşmalardan biri Macarıstanda, digəri isə İspaniyada baş tutacaq.“Mançester Siti” klubu pandemiya səbəbindən “Borussiya Mönhenqladbax” komandasını Budapeştdəki “Puşkaş Arena”da qəbul edəcək. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan nominal meydan sahibləri növbəti mərhələyə adlamaq üçün böyük üstünlüyə malikdirlər. Oyun öncəsi “şəhərlilər”in heyətində itki yoxdur. Sadəcə müdafiəçi Natan Akenin meydana çıxıb-çıxmayacağı sual altındadır. Mönhenqladbax təmsilçisinin heyətində isə Rami Bensebaini, Kristof Kramer və Markus Tyuramın meydana çıxacağı məyyənləşməyib.Günün digər matçında “Real Madrid” İspaniyada “Atalanta” komandasını sınağa çəkəcək. “Kral klubu” səfərdəki ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin heyətində Dani Karvahal və Mariano Dias zədə, Kasemiro isə cəza səbəbindən oyunu buraxmalı olacaq. Digər zədəli futbolçu Alvaro Odriosolanın oynayıb-oynamayacağı isə bəlli deyil.Qonaqların heyətində isə əsas itki zədəli Hans Hatebur və cəzalı Remo Froylerin olmamasıdır. Həmçinin zədədən yenicə sağalan Berat Cimşiti də meydana çıxmaya bilər.Hər iki qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.xeber100.com

Mart 16, 2021 10:16

Şahmat seriyasının dördüncü yarış günündə 5 turun oyunları keçiriləcək

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış günündə növbəti 5 turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Şəhriyar Məmmədyarov altıncı turda FİDE təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Sonrakı oyunda şahmatçımız hazırkı dünya çempionu Maqnus Karlseni qara fiqurlarla sınağa çəkəcək. Ş.Məmmədyarov növbəti 3 qarşılaşmada isə ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.Teymur Rəcəbov isə ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.Qeyd edək ki, bir gün əvvəl keçirilmiş qarşılaşmalar hər iki şahmatçımız üçün uğurlu olub. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunları iki heç-heçə, bir qələbə və bir məğlubiyyətlə başa vurub.Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turu heç-heçə ilə başa vurub, sonuncu turda qələbə qazanıb.Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.xeber100.com

Mart 14, 2021 5:30