Klublara maliyyə yardımı ilə bağlı qərar qəbul olunub

İyulun 30-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, aparılmış müzakirələrdən sonra klublara maliyyə yardımı ilə bağlı qərar qəbul olunub. Belə ki, “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ”yə 1,5 milyon, “Zirə”yə isə 500 min manat məbləğində maliyyə yardımı göstəriləcək.İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” klubuna 300 min, “Səbail”ə isə 200 min manat məbləğində maliyyə yardımının verilməsi barədə qərar qəbul olunub.Maliyyə yardımının ayrıldığı bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul ediblər.AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.AFFA həmin klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı prioritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərti ilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edib.AFFA tərəfindən ötən mövsümlərdə Birinci Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunacaq.xeber100.com

İyul 30, 2020 6:35

Dünya Güləş Birliyi yeni layihəyə start verib

Dünya Güləş Birliyi (UWW) və “Nike Wrestling” “Biz yenidən güləşəcəyik” layihəsinə start verib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə zərər çəkmiş güləş təşkilatlarına maddi yardım göstərməkdir. Uwwstore.com saytında təklif olunan UWW və “Nike”in idman geyimlərinin satışından əldə olunacaq gəlir COVID-19 virusunun yayılmasından sonra durğunluq dövrü ilə üzləşən milli federasiyalara, yarışları təşkil edən şəhərlərə və digər fəaliyyət sahələrinə yönəldiləcək.UWW-nin prezidenti Nenad Laloviç məsələ ilə bağlı deyib: “Bu vacib missiya üçün “Nike Wrestling” ilə əməkdaşlıq etməkdən məmnunuq. Qeyri-adi dövrdə yaşayırıq. Bu şəraitdə gələcəyimizin gücü idmançılardan tutmuş milli federasiyalara qədər – hamımızın bir araya gələ bilməsindən asılı olacaq. Unutmayaq ki, yenidən güləşəcəyik”.Kampaniyadan əldə olunacaq gəlir beynəlxalq səviyyədə yarışmaq arzusunda olan idmançılara maddi yardım göstərəcək UWW-nin İnkişaf Şöbəsi tərəfindən idarə olunan təqaüd fonduna daxil olacaq.“Nike Wrestling” şirkətinin prezidenti Eddi Braun bildirib ki, biz qlobal pandemiya üzündən qarşımıza çıxan maneələri başa düşürük. “Biz yenidən güləşəcəyik” layihəsi çətin dövrdə güləş ictimaiyyətinə yardım məqsədilə həyata keçiriləcək.Kampaniya çərçivəsində satışa çıxarılan idman geyimlərinin (köynək, şalvar, üst geyimi, ayaqqabı) qiyməti 23 dollardan 120 dollaradəkdir.Qeyd edək ki, “Nike Wrestling” 2017-ci ildən UWW-nin qlobal sponsorudur və bu müddət ərzində İnkişaf Şöbəsinin rəhbərliyi ilə dünyanın bir sıra güləş qurumlarını avadanlıqla təmin edib.xeber100.com

İyul 28, 2020 9:55