Ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib

Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Azərbaycan Ağır Atletika Federasiyası xəbər verir ki, ilk olaraq millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb. Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib. Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub. Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

May 15, 2023 11:32

“Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub. Festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb. Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb. “Baku Open-2023”ün baş hakimi Faiq Həsənov festivalda 32 qrosmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin idman mübarizəsinin şahidi olduqlarını söyləyib. C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib. B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. Səkkiz xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə qalib olub. A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Open turnirinin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca yeddi xalla yarışın qalibi adını qazanıb. Eyni xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.xeber100.com

May 13, 2023 2:31