“Prezident kuboku-2023” beynəlxalq reqatasına yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub. Bakı Su İdman Sarayının yaxınlığında təşkil olunan bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının rəhbəri Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər. Mərasimdə çıxış edən rəsmi şəxslər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Daha sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medal və mükafatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Vüqar Əhmədov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Tomas Koneçko, Jan Zunqrana, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, qardaş ölkənin Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk və digər rəsmi şəxslər təqdim ediblər. Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası da olub. Qeyd edək ki, beynəlxalq reqatanın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilib.xeber100.com

May 7, 2023 1:55

Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə…

Mayın 4-6-da trek velosipedinin omnium növü üzrə Bakı kuboku yarışı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər. Ümumilikdə 37 velosipedçi ilk yarış günündə skreç və tempo növləri, ikinci yarış günündə isə çıxmaqla və xallar üzrə qrup ötüşmələrində mübarizə aparıblar. Omnium yarışının qaydalarına görə, nəticələr bütün növlər üzrə xalların cəminə əsasən müəyyənləşdirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Yusif İsmayılov (ROEQİUGVM, 55 xal) bütün rəqiblərindən üstün olaraq birinci, Ömər Musayev (ROEQİUGVM, 54 xal) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM, 53 xal) üçüncü yerə layiq görülüblər. Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 113 xal) hamıdan çox xal toplayaraq qızıl, Rəvan Tahirov (ROEQİUGVM, 76 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 43 xal) bürünc medal qazanıb. Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 81 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 66 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 44 xal) üçüncü yerlə kifayətləniblər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.xeber100.com

May 6, 2023 2:18