İtaliya A Seriyasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib

Fevralın 9-da futbol üzrə İtaliya A Seriyasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki Milan təmsilçisi “İnter” və “Milan” üz-üzə gəlib.Gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 175-ci dəfə baş tutub. “San Siro” stadionunda təşkil olunan derbi “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesab 40-cı dəqiqədə “Milan” klubu tərəfindən açılıb. Zlatan İbrahimoviçin ötürməsini Ante Rebiç dəqiq zərbə ilə tamamlayıb. Qoldan beş dəqiqə sonra Zlatan İbrahimoviç künc ötürməsindən sonra qapıya başla dəqiq top zərbəsi vurub. Birinci hissə “Milan”nın iki top üstünlüyü ilə başa çatıb.Fasilədən sonra hücumlarının kəsərini artıran “İnter” oyunda ardıcıl dörd qol vuraraq qələbə qazanıb. “Neradzurra”nın heyətində Marcelo Brozoviç, Matias Vesino, Stefan De Vrey və Romelu Lukaku fərqlənib.Bu qələbədən sonra “İnter” xal ehtiyatını 54-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. “Milan” isə 32 xalla 10-cu yerdə qərarlaşıb.Qeyd edək ki, “Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 2:0.Bu vaxta kimi iki Milan təmsilçisi İtaliya çempionatında 175 dəfə üz-üzə gəlib. Onların 67-də “İnter”, 53-cü görüşdə isə “Milan” qalib tərəfi olub. Əlli beş qarşılaşmada qalib müəyyənləşməyib.Bu oyun üçün satışa çıxarılan 80 min 118 biletin hamısı satılıb. “Neradzuri”nin bilet satışından qazandığı məbləğ 5,7 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir. Bundan əvvəlki rekord yenə “İnter”ə məxsus idi. Klub 2017-ci ilin aprelində keçirilmiş Milan derbisi üçün bilet satışından 4 milyon 204 min avro məbləğində gəlir əldə etmişdi. Həmin matç 2:2 hesabı ilə başa çatmışdı.xeber100.com

Fevral 10, 2020 11:25

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

Fevralın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, “Sumqayıt” komandası doğma meydanda - “Kapital Bank Arena”da “Zirə” klubunu 2:1 hesabı ilə məğlub edib.Görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Elvin Cəfərquliyev fərqlənib. Qonaqlar 35-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Ağabala Ramazanov çərçivəni dəqiq nişan alıb. Lakin cəmi iki dəqiqə sonra qonaq komandanın yarımmüdafiəçisi İlkin Muradov ikinci sarı vərəqəni alaraq komandasını meydanda azlıqda qoyub. Birinci hissə bu hesabla yekunlaşıb – 1:1.Görüşün 66-cı dəqiqəsində Sumqayıt təmsilçisinin yarımmüdafiəçisi Xəyal Nəcəfov komandasını yenidən hesabda önə keçirib. Bu, oyunda vurulan sonuncu qol olub. Görüşün 68-ci dəqiqəsində “Zirə”nin daha bir futbolçusu - Ağabala Ramazanov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Qeyd edək ki, XVI tura “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq. Çempionatın XVI turunun ilk iki matçında “Sabah” doğma meydanda “Qəbələ”ni (3:2), “Səbail” isə səfərdə “Keşlə”ni (0:1) məğlub edib.Hazırda turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.xeber100.com

Fevral 8, 2020 8:56