Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə oğlanlar arasında keçirilən ACF kuboku yarışlarına yekun vurulub.
Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 203 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Turnirin ilk günündə 50, 60, 73, 90, ertəsi gün 55, 66, 81 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın əsas məqsədi mayın 6-7-də Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa kuboku yarışlarına seçim etmək, eyni zamanda yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaq, idmanın bu növünün kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nəcəf Nəsrullayev (50 kq), Məhəmməd Məmişov (55 kq), Nadir İmanov (60 kq), Cəsur İbadlı (66 kq), Məmməd Əzizbəyov (73 kq), Zeynəlabdin Xudaverdiyev (81 kq), Ömər Abbasov (90 kq) və Ceyhun Dadaşov (90 kq-dan yuxarı) qızıl medal qazanıblar.