Atçılıq Federasiyasının təşkilatçılığı ilə cıdır yarışı keçiriləcək

Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışı keçiriləcək.ARAF-dan Azərtac-a bildiriblər ki, mövsümün bağlanış tədbirində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunacaq.Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın atın iştirakı gözlənilir.ARAF ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün davamlı olaraq bu növ yarışlar təşkil edir. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq bu cür tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.İlk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə yarışa Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunub və onlara öz yorğa atları ilə yarışlarda iştirak etmək üçün imkan yaradılacaq.Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondu kimi qaliblərə ümumilikdə 24 min 500 manat mükafat verilməsi nəzərdə tutulub. Eyni zamanda, yorğa yarışlarının qaliblərinə isə medallar və diplomlar veriləcək.Qeyd edək ki, tamaşaçılar üçün girişin sərbəst olacağı yarış saat 11:00-da başlayacaq.xeber100.com

Oktyabr 31, 2019 11:06

Güləşçilər arasında dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə - oktyabrın 29-da sərbəst güləşçilərimiz 4 medal qazanıblar.Azərtac xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan qoşulan Turan Bayramov (65 kq) ilk görüşündə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Yapon güləşçi ilə finalda sona az qalmış rəqibi əks-fənddə yaxalayan T.Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.Millimizin digər üzvü Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məğlub edən A.Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən təmsilçimiz finalda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmaya çox yaxşı başlayan A.Abakarov 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək gürcü həmkarına uduzub və gümüş medalla kifayətlənib.xeber100.com  

Oktyabr 30, 2019 12:53