Bədii gimnastika üzrə 37-ci dünya çempionatının təqvimi açıqlanıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata sentyabrın 16-da start veriləcək. Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək.Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq.Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.xeber100.com

Sentyabr 14, 2019 5:45

Güləş üzrə dünya çempionatına start verilib

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib.Azərtac xəbər verir ki, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yarışlar keçirilib.Güləşçimiz Rafiq Hüseynov (82 kq) moldovalı Mixail Bradu, Ukrayna idmançısı Yuri Şkriuba, qazaxıstanlı Maxat Yerejepov və İran təmsilçisi Seyid Abdvalini məğlub edərək dünya çempionatının finalına yüksəlib. Sentyabrın 15-də keçiriləcək həlledici qarşılaşmada təmsilçimizin rəqibi Gürcüstan güləşçisi Laşa Qobadze olacaq.Dünya çempionu Eldəniz Əzizli (55 kq) də yarışa qələbə ilə başlayıb. Təmsilçimiz hindistanlı Manjet Manjeti məğlub edərək dörddəbir finala yüksəlib. İdmançımızın növbəti rəqibi Monqolustan güləşçisi Davaabandi Munh Erden olub. Rəqibini məğlub edən dünya çempionumuz yarımfinalda qazaxıstanlı Korlan Jokanşa ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan E.Əzizli sentyabrın 15-də keçiriləcək bürünc medal uğrunda qarşılaşmada Abdelkarim Ferqat (Əlcəzair)-Maks Emilyano Nouri (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

Sentyabr 14, 2019 5:42

“EXPO Arena”da baş tutan yarışın təsnifat mərhələsində

Sentyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında iki boksçumuz onaltıdabir final mərhələsində çıxış edib.Azərtac xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Məsud Yusifzadə mərakeşli Səid Mortaji ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. Səkkizdəbir final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Amin Kuşkov isə ikinci görüşündə rusiyalı boksçu Qleb Bakşi üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.Sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0, ötən gün isə Lorenzo Sotomayor Avstriya təmsilçisi Yason Mallyanı 3:2 hesabı ilə məğlub ediblər. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatda mübarizəni dayandırıb.Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.xeber100.com

Sentyabr 14, 2019 5:37

Ümumdünya Badminton Federasiyasının məlumatına görə…

Ümumdünya Badminton Federasiyasının saytında 37-ci badminton turnirləri həftəsinin nəticələri əsasında yeni Olimpiya təsnifat reytinqi açıqlanıb.Azərtac xəbər verir ki, reytinq cədvəlinə əsasən badmintonçumuz Edi Reski Dviçayo “Tokio 2020” Olimpiya təsnifat reytinqində kişilərin şəxsi kateqoriyası üzrə 28-ci sırada qərarlaşıb. Badmintonçumuz bu pilləyə bir neçə gün əvvəl Ukraynada keçirilən “RSL Kharkiv International 2019” turnirində 3400 xal qazanaraq yüksəlib. O, “Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda gümüş medal qazanaraq xallarını 13 min 990-a çatdırıb. Badmintonçumuz hazırki siyahıda amerikalı Timati Lam və rusiyalı Vladimir Malkov kimi tanınmış idmançıları geridə qoyub.Bir sıra Olimpiya idman növlərində olduğu kimi, badmintonda da lisenziya Olimpiya reytinq xallarına görə verilir. Həftəlik açıqlanan Olimpiya təsnifat reytinqi hər çərşənbə axşamı yenilənir.Olimpiadada bu idman növü üzrə kişilərin şəxsi yarışında eyni ölkədən ən çox 2 nəfər iştirak hüququ qazana bilər. Bu, yalnız həmin ölkənin badmintonçularının Ümumdünya Badminton Federasiyasının 2020-ci ilin aprelin 30-dək olan reytinqində 1-16-cı yerlərdə qərarlaşması sayəsində mümkündür. Əgər həmin reytinqdə müvafiq yerlər üzrə yalnız bir idmançı yer alıbsa, o zaman həmin ölkə üzrə Olimpiadada bir badmintonçu çıxış edəcək. Yekun Olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların Olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanır və buna əsasən müəyyənləşdirilir. Cari ilin aprelində start verilən təsnifat mərhələsi 2020-ci il aprelin 26-da başa çatacaq və dörd gün sonra kişilərin şəxsi yarışı üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək 38 badmintonçudan lisenziya əldə etmiş 34 nəfər müəyyən ediləcək. Yerdə qalan 4 lisenziyadan biri ev sahibi Yaponiyaya, digər üç vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının nümayəndələrinin daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən müəyyənləşəcək idmançılara veriləcək. Bütün kateqoriyalarda hər qitədən minimum bir iştirakçı Olimpiya Oyunlarında təmsil olunmalıdır. Əgər aprelin 30-da açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Ümumdünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına olimpiadada iştirak hüququ yaradılacaq.Ümumdünya Badminton Federasiyasının 37-ci badminton turnirləri həftəsi üzrə cari reytinq siyahısına əsasən hazırda Edi Reski Dviçayo 21 min 530 xalla 84-cü sırada qərarlaşıb.Xatırladaq ki, indiyədək heç bir badmintonçumuzun Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək şansı olmayıb.xeber100.com  

Sentyabr 13, 2019 11:01