UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq

Gələn il mayın 29-da Bakıda keçiriləcək final oyununa hazırlıq məqsədilə dekabrın 22-dən yanvarın 7-dək Azərbaycan paytaxtında UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq. Futbol həvəskarları 17 gün ərzində fəaliyyət göstərəcək muzeydə UEFA Avropa Liqası tarixinin unudulmaz anlarının əks etdirən eksponatları görə biləcəklər.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq Avropa Liqası Muzeyi üç hissədən ibarət olacaq. Sərgini ziyarət etmək istəyənlər girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə edə biləcəklər.Muzey zonasında Avropa Liqasının tarixini əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi topu, eləcə də turnirin final oyunlarında istifadə edilmiş imzalı toplar sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışlarda iştirak imkanı təqdim olunacaq. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri də təşkil olunacaq. İmza günlərində muzeylərin ziyarətçiləri futbolçularla yaxından tanış ola, onlardan imza ala, eləcə də xatirə şəkilləri çəkdirə biləcəklər.Dekabrın 22-dən yanvarın 7-dək hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.Xatırladaq ki, ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.

Dekabr 20, 2018 12:49

Futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub

Dekabrın 17-də futbol üzrə Türkiyə Superliqasının XVI turuna yekun vurulub. Turun sonuncu oyununda hesabında 14 xal olan "Fənərbağça" komandası "Şükrü Saracoğlu" stadionunda eyni xala malik "Ərzurumspor"u qəbul edib.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda qalib müəyyənləşməyib - 2:2. Bununla da "Fənərbağça"nın yeni baş məşqçisi Ersun Yanal ilə çempionatdakı ilk oyunu heç-heçə başa çatıb. Bu matçdan sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri turnir cədvəlində 17-ci pillədə qərarlaşıblar.Qarşılaşmada hesabı görüşün 18-ci dəqiqəsində Andre Ayevin qolu ilə fənərbağçalılar açıb. Bundan doqquz dəqiqə sonra fransız ulduz Matieu Valbuenanın məhsuldar ötürməsini müdafiəçi Martin Skrtel qola çevirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Görüşün ilk hissəsi "sarı-lacivərdlilər"in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Fasilədən sonra qonaq komanda qollardan birinin əvəzini çıxıb. Emrah Başsanın 48-ci dəqiqədə vurduğu zərbə dəqiq olub. Görüşə əlavə edilmiş dəqiqələrdə isə ərzurumsporluların futbolçusu Lennart Ti fərqlənərək hesabı bərabərləşdirib - 2:2.Xatırladaq ki, bu tur "Başakşəhər"-"Qalatasaray" matçında (1:1) və "Beşiktaş"-"Trabzonspor" oyununda (2:2) da qalib müəyyənləşməyib.On altı turdan sonra çempionatda 34 xalla "Başakşəhər" komandası liderlik edir. Turnir cədvəlində ikinci sırada olan "Yeni Malatyaspor"un 28 xalı var. İyirmi altı xala malik olan "Beşiktaş", "Trabzonspor" və "Qalatasaray" çempionatda üçüncü, dördüncü, beşinci yerləri bölüşürlər.xeber100.com

Dekabr 18, 2018 12:08