Stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları davam edir

Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları davam edir.Apa-nın yerli bürosunun xəbərinə görə, mayın 9-da qadın və kişilər arasında səngər stend yarışlarının ilk təsnifat mərhələsi keçirilib.Bu yarışda 8 ölkədən 33 idmançı 125 hədəfdən 75-nə atəş açıb. Dünyanın tanınmış atıcısı olan rusiyalı olimpiya çempionu Aleksey Alipov 75 hədəfin hamısını uğurla vuraraq turnir cədvəlində birinci olub. Hazırda xal hesabına görə öndə olan 6 idmançıdan 3-ü Rusiya, biri İran, ikisi Azərbaycanı təmsil edir. Tamerlan Məmmədov 71 xalla 2-ci, Əli Hüseynli 70 xalla 4-cü sıradadır.Qadınların yarışında isə Ukrayna atıcısı Alyona Axotska 75 hədəfdən 68-ni vuraraq turnir cədvəlində birinci yerdə qərarlaşıb. Bu yarışda Azərbaycan atıcısı Aydan Camalova və rusiyalı Nataliya Zvyaqintseva 67 xalla 2-ci sıradadır.Mayın 10-da bu yarışların ikinci mərhələsi üzrə daha 50 hədəfə atəş açılacaq və finalçılar məlum olacaq. Həmin gün eyni zamanda dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olacaq.Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir. Azərbaycanı bu mötəbər yarışda 26 idmançı təmsil edir. Səngər stend yarışlarında 3, dairəvi stend yarışlarında isə 4 gənc idmançımız iştirak edir. Beynəlxalq Qran-pri yarışlarında dünyanın tanınmış idmançıları ilə birgə bizim gənc atıcıların da yarışması onların yaxşı təcrübə toplamasına imkan yaradır.Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Atıcılığın səngər və dairəvi stend növləri üzrə keçirilən bu yarışda gənclər, kişilər və qadınlar mükafatlar uğrunda mübarizə aparır. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.xeber100.com

May 9, 2018 8:20

İngiltərə Premyer Liqasının 37-ci turunda

İngiltərə Premyer Liqasının 37-ci turunun mərkəzi görüşü Londonda keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” doğma meydanda “Liverpul” klubunu məğlub edib - 1:0. Oyunda yeganə qolu 32-ci dəqiqədə Olivye Giru vurub.Günün digər oyununda isə “Arsenal” öz meydanında “Börnli” klubunu qəbul edib. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 14-cü dəqiqədə Pyer-Emerik Obameyanq açıb - 1:0. Birinci hissənin son dəqiqəsində meydan sahibləri Aleksandr Lakazetin qolu ilə hesab arasındakı fərqi artırıb – 2:0. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra künc zərbəsindən sonra Kolasinac fərqlənib – 3:0. Qoldan on dəqiqə sonra Alex hesabı artırıb – 4:0. Matçın 75-ci dəqiqəsində Obameyanq oyunda son nöqtəni qoyub – 5:0.Bu qələbəsən sonra Arsen Vengerin yetirmələri xalların sayını 60 çatdıraraq altıncı yerdəki mövqeyini qoruyub və UEFA Avropa Liqasında iştirakını rəsmiləşdirib.Bu görüş “Arsenal” klubun baş məşqçisi Arsen Venger üçün sonuncu ev oyunu olub. 1996-cı ildən “Arsenal”ı çalışdıran fransalı mütəxəssisin rəhbərliyi ilə klub üç dəfə İngiltərə çempionluğu, yeddi dəfə ölkə kuboku və bir dəfə isə liqa kubokunu qazanıb.Turnir cədvəlinə vaxtından əvvəl çempionluğu bayram edən “Mançester Siti” 94 xalla başçılıq edir. “Mançester Yunayted” 77 xalla ikinci, “Liverpul” 72 xalla üçüncü, bir oyun az keçirən “Tottenhem” isə dördüncü sıradadır.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Brayton” – “Mançester Yunayted” – 1:0. “Stok Siti” – “Kristal Pelas” – 1:2. “Bornmut” – “Suonsi Siti” – 1:0. “Lester Siti” – “Vest Hem” – 0:2. “Uotford” – “Nyukasl” – 2:1. “Vest Bromviç” – “Tottenhem” – 1:0. “Everton” – “Sauthemton” – 1:1. “Mançester Siti” – “Haddersfild” – 0:0.xeber100.com

May 7, 2018 2:15