İspaniya La Liqasının 37-ci turu çərçivəsində

Mayın 6-da İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Barselona” ilə “Real Madrid” klubları qarşı-qarşıya gəlib.Azərtac xəbər verir ki, 176-cı “El Klassiko”da meydana dünyanın ən bahalı futbolçularına malik iki komanda çıxıb. “Barselona” klubu 963 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Real Madrid” isə 962,5 milyon avro ilə Kataloniya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 1 milyard 955 milyon avrodur. Dünyanın ən bahalı iki klubu “Nou Kamp” stadionunda qarşılaşıblar.“El Klassiko”da hesabı meydan sahibləri açıblar. Əks hücum zamanı Serxi Robertonun cinah ötürməsini Luis Suarez dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan dörd dəqiqə sonra Kriştiano Ronaldo hesaba tarazlıq gətirib - 1:1. Kərim Benzemanın ötürməsini qola çevirən portuqaliyalı cari mövsümdə 25-ci qolunu vurub. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış Serxi Roberto qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Gərginliyi ilə yadda qalan birinci hissədə baş hakim Alexandro Hernandez beş sarı və bir qırmızı vərəqə göstərib.Fasilədən dərhal sonra hücuma atılan meydan sahibləri 53-cü dəqiqədə yenidən hesabda irəli çıxıblar. Çempionatın bombardiri Leo Messi baxımlı qolla adını tabloya yazdırıb -2:1.Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 73-cü dəqiqəsində Marko Asensionun ötürməsindən sonra Garet Beyl dəqiq zərbə ilə topu qapıdan keçirdib - 2:2.97 min 939 nəfərin birbaşa stadiondan izlədiyi qarşılaşma elə bu hesabla başa çatıb.Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 175 dəfə qarşılaşmışdılar. Bu matçların 70-də “Barselona”, 72-də isə “Real Madrid” qələbə qazanıb, 33 matç isə heç-heçə yekunlaşmışdı.Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirən “Barselona” 87 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Atletiko Madrid” 75 xalla ikinci, “Real Madrid” 72 xalla üçüncü, “Valensiya” isə 67 xalla dördüncüdür.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Sevilya” – “Real Sosyedad” - 1:0 “Jirona” – “Eybar” - 1:4 “Atletik Bilbao” – “Real Betis” - 2:0 “Selta” – “Deportivo” - 1:1 “Villyareal” – “Valensiya” - 1:0 “Malaqa” – “Alaves” - 0:3 “Atletiko Madrid” – “Espanyol” - 0:2 “Las Palmas” – “Xetafe” - 0:1. Tura mayın 7-də “Leganes” – “Levante” oyunu ilə yekun vurulacaq.xeber100.com

May 7, 2018 2:11

Güləş və boks üzrə respublika yarışları başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin 13-15 yaşlı oğlanlar arasında yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 22 komandadan 311 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.Komanda hesabında birinci yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, ikinci yerə Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, üçüncü yerə 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM) layiq görülüblər.Daha bir yarış 13-14 yaşlı yeniyetmə boksçular arasında keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan “Təhsil” Respublika İdman Mərkəzinin kuboku yarışına nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin, “Neftçi”, “Qarabağ”, “Zenit”, “Rabitə” idman klublarının komandaları qatılıblar.On doqquz çəki dərəcəsi üzrə 210 idmançının mübarizə apardığı yarışda komanda hesabında birinci yeri 1 nömrəli RİOEUGİM, ikinci yeri Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, üçüncü yeri Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi tutublar.Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.Qeyd edək ki, yarışların keçirilməsinin məqsədi müvafiq idman növləri üzrə mərkəzin yığma komandalarını formalaşdırmaq, idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ etməkdir.xeber100.com

May 4, 2018 3:42