Azərbaycan millisinin Türk Universiadası üçün heyəti açıqlanıb

Aprelin 4-dən 11-dək Bakıda Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası) keçiriləcək. Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var. Millimiz də Universiadada iştirak edəcək.Azərtac xəbər verir ki, millimizin Türk Universiadası üçün heyəti açıqlanıb.Heyətdə Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hər üçü “Araz”), Nihad İsmayılov (“FK.İD.Futsal”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov (hər ikisi “Marafon Futsal”), Tofik Əliyev, Rüstəm Bağırzadə (hər ikisi “Marafon Futsal”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hər üçü “Xəmsə”), Eşqin Tağıyev, Raqif Eyvazov (hər ikisi “İtaldizain”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev və Qüdrət İsmayılov (hər ikisi “Baku Fire”) yer alıblar.Qaydalara əsasən, yarışda turnirin startınadək 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirir.xeber100.com

Mart 29, 2018 1:55

Şahmat üzrə iddiaçılar turnirinin 14-cü turunda

Martın 27-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 14-cü - sonuncu turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb.Azərtac xəbər verir ki, qara fiqurlarla oynayan Ş.Məmmədyarov oyunun 54-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bununla da şahmatçımız turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması Ş.Məmmədyarovun qələbəsi ilə nəticələnmişdi. Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.Digər görüşdə rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Ş.Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri olan Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.Tur çərçivəsində keçirilən Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) və Liren Dinq (Çin) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında qalib müəyyənləşməyib.Beləliklə, iddiaçılar turnirinə martın 27-də yekun vurulub. 14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə başa vurub. Liren Dinq 7,5 xalla dördüncü olub. Vladimir Kramnik və Aleksandr Qrişuk 6,5 xalla beşinci-altıncı yerləri bölüşüblər. Uesli So 6 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4,5 xalı olan Levon Aronyan isə sonuncudur.İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan Fabiano Karuana noyabrda Londonda dünya şahmat tacı uğrunda mübarizədə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.xeber100.com

Mart 28, 2018 12:24