Avtomobil Federasiyasının məlumatı

Cari ilin Dakar ralli yarışı başa çatıb.Azərtac Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla xəbər verir ki, motosikletçilərin mübarizəsində qələbəni “Red Bull KTM Factory” komandasının təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsini ümumilikdə 43 saat 6 dəqiqə 1 saniyəyə qət edərək karyerasında ilk dəfə Dakar ralli çempionu tituluna sahib olub. Digər iki yerdə müvafiq olaraq “Monster Energy Honda Team”dən Kevin Benavides (16 dəqiqə 53 saniyə) və “Red Bull”un daha bir təmsilçisi Tobi Prays (23 dəqiqə 1saniyə) qərarlaşıblar.Çilili İqnasio Kasale isə kvadrasiklların mübarizəsində birinciliyin qalibi adını qazanıb. “Casale Racing” komandasının təmsilçisi ilə digər iki yeri tutan pilotlar arasında vaxt məsafəsinin kifayət qədər böyük olması ən çox müzakirə olunan mövzulardandır. Belə ki, İ.Kasale “Team Al Desert” komandasından argentinalı Nikolas Kavilyassonu ümumi nəticədə 1 saat 38 dəqiqə 52 saniyə “Consultores De Empresas” təmsilçisi Xeremias Qonsales Feriolini isə 2 saat 8 dəqiqə 14 saniyə üstələyib.Avtomobillərin yarışında ispaniyalı Karlos Saynz birinci yeri tutub. Ralli üzrə ikiqat dünya çempionu, “Team Peugeot Total” kollektivini təmsil edən pilot 14 mərhələdə 49 saat 16 dəqiqə 18 saniyə nəticə göstərib. O, bununla da 2010-cu ildə əldə etdiyi nəticəni təkrarlayıb. Digər iki yeri “Toyota Gazoo Racing Sa” komandasının nümayəndələri Nasser Al-Attiya (43 dəqiqə 40 saniyə) və Jiniel De Villers (1 saat 16 dəqiqə 41 saniyə) tutublar.Yük avtomobillərinin mübarizəsində Rusiyanın “Kamaz” ekipajı bu dəfə də bütün rəqiblərini geridə qoyub. Eduard Nikolayevin başçılıq etdiyi kollektiv yekunda 54 saat 57 dəqiqə 37 saniyəlik göstərici ilə Dakar tarixində 14-cü qələbəsini rəsmiləşdirib. Belarusun “Maz-Sportauto” komandası (3 saat 57 dəqiqə 17 saniyə) ikinci, Rusiyanın daha bir təmsilçisi Ayrat Mardeyevin rəhbərlik etdiyi “Kamaz - Master” kollektivi (5 saat 22 dəqiqə 34 saniyə) isə üçüncü yerlə kifayətlənib.xeber100.com  

Yanvar 23, 2018 1:01

Beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib

Azərbaycan Güləş Federasiyasında (AGF) milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib.Azərtac xəbər verir ki, Federasiyanın birinci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin hazırlıq səviyyəsindən, qarşıda duran məqsəd və hədəflərdən danışılıb.AGF-in birinci vitse-prezidenti Firdovsi Umudov bu günlərdə Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimləri təbrik edərək deyib: “Dövlətimiz tərəfindən təkcə müxtəlif idman növləri üzrə yığma komanda üzvlərinin deyil, həm də hakimlərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün lazımi şərait yaradılır. Bu günədək beynəlxalq arenalarda güləşçilərimizlə yanaşı, bir çox tanınmış hakimlərimiz də ölkəmizi uğurla təmsil ediblər. Bu gün isə Olimpiya Oyunlarını idarə etmək hüququna malik iki nəfər I-S, üç nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakimimiz var. Beynəlxalq dərəcəli hakimlərimizin sayı və kateqoriyası daha yüksək ola bilər. Bunun üçün hər bir hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi güləşçilərlə yanaşı, hakimlərin hazırlığına, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsinə də daim diqqət yetirir. Bu diqqət bundan sonra da davam edəcək”.Görüşdə, həmçinin AGF Hakimlər Kollegiyasının yeni sədri elan edilib. Hakimlər Kollegiyasına sədrlik beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə olunub.

Yanvar 23, 2018 12:50