Beynəlxalq Cüdo Federasiyasının məlumatı

“Bu il bizim cari layihələrinin konsolidasiya ili olacaq və sosial şəbəkələrdə fəaliyyətimizi daha da gücləndirəcəyik. Hakimlik qaydalarına daha yaxşı nəzarət təşkil olunacaq. Olimpiya təsnifat yarışlarına düzgün yanaşılacaq”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer deyib.Qurum rəhbəri İJF-in rəsmi saytına 2018-ci illə bağlı müsahibə verib. O, bu il Bakıda baş tutacaq mundiala da toxunub: “Bakıdakı dünya çempionatı və bütün beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunacaq. Bütün cüdoçular üçün elektron təlim platformasının yaradılacağına ümid edirik. Bu idmançılara idman karyerası boyu öz təhsillərini davam etdirmək imkanı verəcək. Cüdonun KİV-də geniş işıqlandırılmasına nail olmaq, müasir idman növləri arasında “Top-10”da yerimizi qorumaq istəyirik. Hazırda sosial şəbəkələrdə idman növləri sırasında səkkizinciyik. Cüdoda çox yüksək dəyərlər var. Biz bu dəyərlərin cəmiyyətə inteqrasiyası üçün bütün qüvvəmizi qoymalıyıq”.Vizer dünya çempionu olmaq istəyən gənc cüdoçulara da arzularını çatdırıb: “Çempion olmaq möhtəşəm nailiyyətdi. Əlbəttə, bunun üçün nəhəng iş görməli, qurbanlar verməli, işə sadiqlik nümayiş edilməli, həmçinin məktəb təhsili alınmalıdı. Fikrimcə, məktəb təhsili ilə idman təlimi ayrılmamalıdı. Hesab edirəm ki, əksər cüdoçular nə vaxtsa əsl çempion olmaq şansına malikdi. Amma əminəm ki, bizim idman növü sayəsində milyonlarla gənc həyatda çempion ola bilər. Hazırda cüdoda bir sıra çempionlar və dəyərli idmançılar var. Onlardan hansının mövsümün kəşfi olacağını öncədən söyləmək düz olmaz. Amma mən səylə işləyib, cüdo dəyərlərini inkişaf etdirməyə çalışanlara istədikləri bütün uğurlara çatmalarını arzulayıram”.İJF prezidenti yarışı zaldan izləyərkən hansı hissləri keçirdiyini də açıqlayıb: “Dolu tribunaların olması yarışın dəyərini göstərir. Bu, idmançı və pərəstişkarların idman növünə sevgisinin sintezini də təcəssüm edir. Cüdoda daha bir önəmli faktor rəqabətlə bağlıdı. Hesab edirəm ki, yarışlarda idmançıların inkişaf etməsində bu amilin də rolu böyükdü”.xeber100.com

Yanvar 13, 2018 7:16

Sinxron şahmat yarışı keçirilib

Yanvarın 12-də “ADA” Universitetində “Vüqar Həşimov Şahmat Akademiyası”nın təşkilatçılığı ilə sinxron şahmat yarışı keçirilib.Azərtac xəbər verir ki, turnirdə universitetin tələbələri beynəlxalq şahmat ustaları Sərxan Həşimova və İlahə Qədimovaya qarşı yarışıblar.Turnirdə tanınmış şahmatçılarla ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları mübarizə aparıblar.Yarışdan sonra turnir barədə təəssüratlarını bölüşən Sərxan Həşimov deyib: “Sevindirici haldır ki, gənclər sonadək mübarizə apardılar. Buna görə iştirakçıları təbrik etmək istərdim. Tələbələr həm mənə, həm də İlahə xanıma ciddi müqavimət göstərdilər. Belə tədbirlərin gələcəkdə də keçirilməsi üçün birgə təşəbbüslərimizi davam etdirəcəyik. Eyni zamanda, Vüqarın arzusu olan və onun başladığı belə layihələri “Vüqar Həşimov Şahmat Akademiyası” olaraq bölgələrdə də təşkil etmək niyyətindəyik”.Beynəlxalq şahmat ustası Sərxan Həşimov onqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu San-Sebastian turnirinin qalibi olub. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən çox təcrübəsi olan IT mütəxəssisi Sərxan Həşimov HP, Oracle və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.Beynəlxalq qrossmeyster İlahə Qədimova üçqat dünya, ikiqat Avropa çempionu, bir çox beynəlxalq turnirlərin qalibidir. “Microsoft Azerbaijan” şirkətinin xidmətlər üzrə icraçı meneceri İlahə Qədimova Maltada Aralıq Dənizi Ölkələri Diplomatik Tədqiqatlar Akademiyasında diplomatiya üzrə magistr dərəcəsi alıb. Diplomatiya sahəsində 13 il təcrübəsi olan İlahə Qədimova Azərbaycanı Avropa İttifaqında təmsil edib. O, həmçinin beş il ərzində “PASHA Private Banking” şirkətində çalışıb.xeber100.com

Yanvar 12, 2018 2:44

“Neftçi” futbol klubunda ilk legioner transferi olacaq

Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldır ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-ruhiyə var.Azərtac xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.Baş məşqçi bildirib ki, futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorğunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidir.“Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdır. Bu işdə səhvə yol vermək olmaz. Düzdür, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində”, – deyə baş məşqçi əlavə edib.xeber100.com

Yanvar 11, 2018 11:43