Şahmat üzrə dünya çempionatlarında 200 şahmatçı iştirak edəcək

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayan şahmat və blits üzrə dünya çempionatlarında 55 ölkədən 200 şahmatçı iştirak edəcək.Azərtac xəbər verir ki, Azərbaycan yarışlarda 11 idmançı (6 kişi və 5 qadın) ilə təmsil olunur. Kişilərin çempionatında qrossmeysterlər Şəhriyar Məmmədov, Qadir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Arkadi Naydiç və Rəsul İbrahimov iştirak edəcək. Qadın çempionatında ölkəmizin idman şərəfini beynəlxalq usta Gülnar Məmmədova, qrossmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qoruyacaq.Çempionatların təşkilatçılarının nümayəndələri təbrik nitqlərində bildirmişlər ki, Səudiyyə Ərəbistanında idman sahəsində yeni dövr başlayır. FİDE-nin vitse-prezidenti Georgios Makropulos təşkilatın “Biz bir ailəyik” devizini xatırlatmışdır. O, həmçinin əmin olduğunu bildirmişdir ki, bu çempionatlar böyük uğur qazanacaq.Kişilərin turnirində rapid üzrə start siyahısına norveçli Maqnus Karlsen (2908) , qadınlar üzrə isə rusiyalı Yekaterina Laqno (2590) başçılıq edir. Bu gün sürətli şahmat yarışları üzrə 1-5-ci turlar oynanılacaq.Turnirin mükafat fondu 2 milyon dollardır. Bu məbləğin 1,25 milyon dolları kişi, 750 min dolları qadın şahmatçıların yarışına aiddir. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun adını daşıyan dünya çempionatında rapid üzrə yarışlar dekabrın 26-dan 28-dək və on beş turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək. Blits üzrə çempionat dekabrın 29-30-da keçiriləcək və 11 qoşa turdan ibarət olacaq.xeber100.com

Dekabr 27, 2017 12:30

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.Azərtac xəbər verir ki, çempionatın birinci gününün yekununda oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 60 kiloqram çəki dərəcəsində Vüqar Şirinli (Qəbələ), 66 kiloqram çəki dərəcəsində isə Tərlan Kərimov (Dinamo Sumqayıt) qalxıblar.Qızların mübarizəsində isə qızıl medallara Leyla Əliyeva (48 kq, Neftçi), Purevsuren Buyanxişiq (52 kq, Neftçi), Ülviyyə Rəhimli (57 kq, UGİM-1), İrina Jukovets (63 kq, Atilla), Günel Həsənli (70 kq, Zirvə), Nurana Muradova (78 kq, Sumqayıt idman məktəbi) və Gözəl Zutova (78 kq-dan yuxarı, Zaqatala) sahib olublar.Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub.Mükafatları idmançılara Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri təqdim ediblər.Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır.Yarışa dekabrın 28-də yekun vurulacaq.xeber100.com

Dekabr 27, 2017 12:25

Formula-1 Azərbaycan Qran-Prisinə akkreditasiya prosesi davam edir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da üçüncü dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiya prosesini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, Azərbaycan Qran-Prisi daxil olmaqla, bütövlükdə Formula-1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Əməliyyat Şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi gələn il yanvarın 31-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edərək deyib: “Hər ötən il daha çox sayda yerli media nümayəndəsinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran-Prisində çoxlu sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin”.N.Arpadarai diqqətə çatdırıb ki, Formula-1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara əsasən seçilir və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar. Çalışırıq ki, ölkəmizdə Formula-1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayı artsın. O, bütün yerli jurnalistləri vaxt itirmədən Formula-1 Azərbaycan Qran-Prisinə qeydiyyatdan keçməyə dəvət edib.Əməliyyat Şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün Formula-1 Azərbaycan Qran-Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Seminarda iştirakçılara qeydiyyat prosesi ilə əlaqədar ətraflı məlumat veriləcək.xeber100.com

Dekabr 26, 2017 3:14