II Dünya İntellektual Oyunları start götürüb

Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları start götürüb.Azəərtac xəbər verir ki, yarışlar çərçivəsində 5 növ - bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçiriləcək.Şahmat turnirində yarışların üç növdə təşkili nəzərdə tutulub. Şahmatçılar dekabrın 10-11-də rapid yarışında mübarizə aparıblar. Dekabrın 12-13-də blits, dekabrın 14-15-də isə bask şahmatı (eyni zamanda, iki şahmat taxtası üzərində müxtəlif rəngli fiqurlarla oyun) yarışlar keçiriləcək.Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı iştirak edəcək. Azərbaycanı kişi şahmatçıların turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edirlər.Proqramın ilk növü rapid olub. Turnir iştirakçıları iki gün ərzində İsveçrə sistemi üzrə 7 turda yarışıblar.Turnirin yekununa görə, kişi şahmatçıların yarışında 4,5 bal toplayan rusiyalı Dmitri Andreykin qalib olub. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və vyetnamlı Le Kuanq Lyem eyni xal toplayıblar. Əlavə göstəricilər nəzərə alınaraq, Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib.Bu Oyunlar Çində 2008-ci ildən keçirilir. Bütün bu illər ərzində beş növ üzrə yarışlarda qazanılan medalların sayına görə ufalı Aleksandr Georgiyev və Tamara Tansıkkujina rekordçudurlar. Onlar Dünya İntellektual Oyunlarında hərəyə 7 medal qazanıblar. Aleksandr Georgiyev 4 qızıl medala sahibdir.Proqramın digər iki növü blits və bask şahmatı olacaq. Bask şahmatında rəqiblər iki şahmat taxtası üzərində eyni zamanda mübarizə aparırlar.xeber100.com

Dekabr 12, 2017 11:47

Gimnastika Federasiyasının 30-cu iclasında…

Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib.AGF-dən Azərtaac-a bildiriblər ki, iclasda əvvəlcə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqqında məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən gələcək planlar müzakirə edilib.Həmçinin iclasda gimnastların lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqqında əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib.İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin illik hesabatları da dinlənilib.Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.N.Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.xeber100.com

Dekabr 11, 2017 1:10