Çempionlar Liqasının tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb

Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyrçi izləyib.Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu “Qarabağ”ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda “Roma”, “Atletiko” və “Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.“Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədi. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi “Qarabağ”ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə “Barselona”dı. Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun “Sportinq”lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə “Barselona” “Qarabağ”a azarkeşlərinə görə həsəd aparır.Əslində, tamaşaçı sayı nisbi anlayışdı və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındı.Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan “Tottenhem” mövqeyini əldən verib. 5-ci sıraya düşüb, “Qarabağ”a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.Qrup mərhələsinin 1-cisi “Mançester Yunayted” olubsa, “Real” 2-ci, “Bavariya” 3-cü pillədə qərarlaşıb. “Borussiya” isə “dördlüy”ü tamamlayır.

Dekabr 9, 2017 6:47

2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatıb

Dekabrın 6-da “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar arasında keçirilən qarşılaşmalarla UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatıb.Azərtac xəbər verir ki, qitənin ən mötəbər turnirində “E” qrupunda yer alan “Liverpul” öz meydanında Moskvanın “Spartak” klubunun qapısından 7 cavabsız top keçirib – 7:0. Bununla da “Mersisaydlılar” qrupu lider kimi başa vurublar. İkinci pilləni isə səfərdə Sloveniyanın “Maribor” komandası ilə heç-heçə (1:1) oynayan “Sevilya” tutub.“F” qrupunda keçirdiyi bütün görüşlərdə qələbə qazanan “Mançester Siti”nin məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Ukraynada qrup ikincisi “Şaxtyor” ilə qarşılaşan «Şəhərlilər» 1 :2 hesabı ilə məğlub olublar. Qrupun digər oyununda Hollandiyanın “Feyenord” klubu İtaliyanın “Napoli” komandasından üstün olub – 2 :1. Bu qrupdan “Mançester Siti” və “Şaxtyor” səkkizdəbir finala yüksəliblər. “Napoli” isə qrup üçüncüsü kimi Avropa Liqasında oynamaq hüququ qazanıb.“G” qrupunda birinci yeri əvvəlki turda təmin edən “Beşiktaş” Almaniya səfərində “Leypsiq”in qonağı olub və rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qrupun ikinci oyunu kifayət qədər məhsuldar olub. Portuqaliyanın “Portu” komandası doğma divarlar arasında “Monako”nu 5:2 hesabı ilə üstələyib. Beləliklə, “Beşiktaş” və “Portu” klubları bu qrupdan növbəti mərhələyə keçiblər. “Leypsiq” isə Avropa Liqasında mübarizəni davam etdirəcək.“H” qrupunun lideri “Tottenhem” ilk pillədəki yerini qorumağı bacarıb. London klubu buna öz meydanında Kiprin “APOEL” klubuna 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Qrupda ikinci sırada yer alan “Real Madrid” isə İspaniya paytaxtında “Borussiya Dortmund” ilə üz-üzə gəlib. Görüş Zidanın yetirmələrinin 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb. Beləliklə, “Tottenhem”dən sonra bu qrupdan “Real Madrid” klubu növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.xeber100.com

Dekabr 7, 2017 2:36