“Qarabağ” klubu sonuncu oyununu keçirəcək

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, İtaliyanın paytaxtındakı Olimpiya stadionunda “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununu almaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.“Roma”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.Matç Azərbaycan çempionu üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidir. Çünki səkkizdəbir finala vəsiqə qazanmaq üçün “Roma” mütləq qələbə qazanmalıdır.Baş məşqçi Qurban Qurbanov cəzalı olduqları üçün Rəşad Sadıqov və Pedro Enrikenin xidmətlərindən yararlana bilməyəcək.Hesabında 10 xal olan “Çelsi” klubu “C” qrupunun vahid lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Roma” 8 xalla ikinci, “Atletiko Madrid” 6 xalla üçüncü, “Qarabağ” isə 2 xalla qrupda sonuncu pillədədir.Xatırladaq ki, UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2, “Çelsi”yə isə 0:4 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).xeber100.com

Dekabr 5, 2017 11:55

2017-2018-ci il mövsümünün sonuncu turuna start veriləcək

Dekabrın 5-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin sonuncu turuna start veriləcək.Azərtac  xəbər verir ki, bu gün “A”, “B”, “C” və “D” qruplarında mübarizəyə yekun vurulacaq.“C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə İtaliyanın “Roma” klubunun qonağı olacaq. Bu oyunun nəticəsi ilk dəfə qatıldığı turnirin “C” qrupunda 2 xalla sonuncu sırada qərarlaşan “Qarabağ” komandasının mövqeyinə təsir göstərməyəcək. “Roma” klubu isə qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır.Bu qrupun digər oyununda “Çelsi” komandası Londonda Madridin “Atletiko” klubunu qəbul edəcək. Londonlular səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər. İspaniya təmsilçisi isə qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Lakin onların qrupdan çıxması “Roma”nın “Qarabağ” ilə oyunda məğlub olması və ya heç-heçə etməsindən asılıdır. Buna isə ehtimal çox azdır.Bu tur “A” qrupunda hər birinin aktivində 9 xal olan “Bazel” (İsveçrə) və MOİK (Rusiya) komandaları üçün həlledici əhəmiyyət daşıyır. MOİK səkkizdəbir finala vəsiqəni təmin edən “Mançester Yunayted” klubunun qonağı olacaq. “Bazel” isə səfərdə qrupun autsayderi “Benfika” (Portuqaliya) ilə qarşılaşacaq.Günün ən maraqlı qarşılaşması “B” qrupunda yer alan “Bavariya” və “PSJ” komandaları arasında oynanılacaq. Parislilər 15 xalla qrupda birinci, münxenlilər 12 xalla ikinci sıradadırlar. Aktivində üç xalı olan “Seltik” (Şotlandiya) bütün görüşlərini məğlubiyyətlə başa vuran “Anderlext”i (Belçika) qəbul edəcək.“D” qrupunun lideri “Barselona” doğma arenada – “Nou Kamp”da Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələcək. İtaliyanın “Yuventus” klubu isə səfərdə Yunanıstanın “Olimpiakos” komandasının qonağı olacaq. Bu qrupda “Barselona”nın 11, “Yuventus”un 8, “Sportinq”in 7, “Olimpiakos”un isə 1 xalı var.Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.Qrup mərhələsinə dekabrın 6-da yekun vurulacaq.xeber100.com

Dekabr 5, 2017 11:49