2017-2018-ci il mövsümünün ikinci turuna start verilib

Sentyabrın 27-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, ikinci turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.“E” qrupunda İspaniya təmsilçisi "Sevilya" doğma meydanda Sloveniyanın "Maribor" klubuna 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu Moskvada İngiltərənin “Liverpul” kollektivi ilə heç-heçə oynayıb-1:1.“F” qrupunda “Mançester Siti” (İngiltərə) öz meydanında “Şaxtyor”u (Ukrayna) (2:0), "Napoli" (İtaliya) isə "Feyenoord"u (Hollandiya) məğlub edib - 3:1.İstanbulun "Beşiktaş" klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi doğma meydanda "Leyptsiq"dən (Almaniya) üstün olub - 2:0. "Monako" (Fransa) isə öz meydanında Portuqaliyanın "Portu" klubuna uduzub - 0:3.“H” qrupunda isə İngiltərənin "Tottenhem" klubu səfərdə APOEL-ə (Kipr) 0:3 hesabı ilə qalib gəlib. Günün ən maraqlı qarşılaşması Dortmund şəhərində baş tutub. “Borussiya” komandası Madridin “Real” klubunu qəbul edib. Qarşılaşma qonaqların 1:3 hesablı üstünlüyü ilə başa çatıb.Xatırladaq ki, turun ikinci günündə ölkəmizi bu nüfuzlu klub turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu İtaliyanın “Roma” kollektivini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.xeber100.com

Sentyabr 27, 2017 11:21

Voleybol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulacaq

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” və “C” qruplarında mübarizəyə yekun vurulacaq.Azərtac xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan milli komandası çempionatın dördüncü günündə Almaniya voleybolçuları ilə qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq. Altı xalla qrupun lideri olan komandamız Macarıstan və Polşa yığmalarını 3:0 hesabı ilə məğlub edib. Dörd xalla qrupda üçüncü yerdə qərarlaşan Almaniya təmsilçiləri isə Polşa yığmasına 2:3 hesabı ilə məğlub olub, Macarıstan millisinə qalib gəliblər – 3:1. Aktivində 5 xal olan Polşa voleybolçuları hələ ki qrupda ikinci sıradadırlar. Polşalılar Azərbaycan-Almaniya oyununun nəticəsindən asılı olmayaraq, mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Qrupun sonuncusu olan Macarıstan millisi isə çempionatı xalsız tərk edib.“C” qrupunda güclü Rusiya millisi Bolqarıstan yığması ilə üz-üzə gələcək. Görüş saat 15:30-da başlayacaq. İki oyundan sonra qrup lideri olan Rusiya kollektivinin 5, ikinci yerdə qərarlaşan Bolqarıstan komandasının isə 4 xalı var. Rusiyalı voleybolçular ukraynalı rəqiblərinə 3:2, Türkiyə yığmasına 3:1 hesabı ilə qalib gəliblər. Bolqarıstan yığması isə Ukrayna və Türkiyə millilərini eyni hesabla (3:2) məğlub edib. Rusiya və Bolqarıstan təmsilçiləri dörddəbir finala birbaşa vəsiqə uğrunda güclərini sınayacaqlar.Bu qrupun digər görüşündə Türkiyə və Ukrayna komandaları üz-üzə gələcəklər. Oyun saat 20:30-da start götürəcək. Ukrayna təmsilçisi 2 xalla qrupda üçüncü, Türkiyə yığması isə 1 xalla sonuncu pillədə qərarlaşıb. Hər iki komanda pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq.Qeyd edək ki, Avropa çempionatında “B” və “D” qruplarında mübarizəyə yekun vurulub, dörddəbir finalçılar və pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. Tbilisidə Yeni İdman Kompleksində keçirilən “B” qrupunun oyunları çərçivəsində səkkiz xalla birinci yeri tutan İtaliya millisi dörddəbir finala birbaşa vəsiqə qazanıb. İtaliyalılar Gürcüstan voleybolçularına 3:0, Belarusa 3:1, Xorvatiyaya isə 3:2 hesabı ilə qalib gəliblər. Beş xalla ikinci-üçüncü yerləri bölüşən Belarus və Xorvatiya milliləri isə pley-offda yarışacaqlar. Ev sahibi Gürcüstan milli komandası isə xal qazana bilməyərək mübarizəni dayandırıb.“D” qrupunun lideri 9 xal toplayan Serbiya millisi olub. Dörddəbir finala birbaşa vəsiqə qazanan Serbiya kollektivi Çexiya və Niderland komandalarına 3:0, Belçika millisinə isə 3:1 hesabı ilə qalib gəlib. Altı xalla qrupda ikinci olan Hollandiya voleybolçuları və üç xalla üçüncü pillədə qərarlaşan Çexiya təmsilçiləri pley-offda mübarizə aparacaqlar. Keçirdiyi bütün oyunlarda məğlub olan belçikalılar isə turnirlə vidalaşıblar.xeber100.com  

Sentyabr 25, 2017 11:35