Güləş üzrə dünya çempionatı davam edir

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, altıncı yarış günündə - sentyabrın 9-da 42, 50, 58 və 69 kiloqram çəki dərəcələrində sərbəst güləşçilərimiz final görüşünə çıxıblar.Dünya çempionatında 42 kiloqram çəkidə mübarizə aparan Əlihəsən Əmirli ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqibləri ilə görüşləri vaxtından əvvəl və tam üstünlüklə məğlub edərək finala yüksəlib. Güləşçimiz keçirdiyi görüşlərdə rəqiblərindən 33 xal alsa da, heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Əlihəsən Əmirli Özbəkistan idmançısına qalib gələrək dünya çempionu adına sahib olub.Mahir Məmmədzadə (50 kq) də bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finala qədər o, Əlcəzair, ABŞ, Qazaxıstan və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Son görüşdə Mahir Məmmədzadənin rəqibi Rusiya idmançısı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz məğlub olub və mundialın gümüş medalı ilə kifayətlənib. Turnirdə 58 kiloqram çəkidə yarışan Turan Bayramov da bütün rəqiblərini tam üstünlüklə məğlub edib və finala vəsiqə qazanıb. Ardıcıl olaraq Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub edən güləşçimiz rəqiblərindən ümumilikdə 37 xal alıb və heç birinə xal verməyib. Final görüşündə Turan Bayramov Yaponiya idmançısına uduzaraq dünya çempionatını ikinci pillədə başa vurub.Təmsilçimiz Davud İbahimov (69 kq) Yaponiya, Ukrayna və İran idmançıları ilə qarşılaşıb. Qarşılaşdığı bütün rəqiblərindən üstün olmağı bacaran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə Davud İbrahimovun rəqibi ABŞ təmsilçisi olub. Rəqibinə məğlub olan güləşçimiz dünya çempionatını gümüş medalla başa vurub.xeber100.com

Sentyabr 10, 2017 11:30

Avropa çempionatının qrup mərhələsinə yekun vurulub

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Hər birində altı komandanın yer aldığı dörd qrupda ilk dörd yeri tutan komandalar səkkizdəbir finala yüksəliblər.Azərtac xəbər verir ki, “A” qrupundan səkkizdəbir finala bütün görüşləri qələbə ilə başa vuran Sloveniya, eləcə də Finlandiya, Fransa və Yunanıstan yığma komandaları vəsiqə qazanıblar. Polşa və İslandiya isə qrupdan çıxa bilməyiblər.“B” qrupunda Litva, Almaniya, İtaliya və Ukrayna yığmaları növbəti mərhələyə yüksəldikləri halda, Gürcüstan və İsrail komandaları qrupda qalıblar.“C” qrupunda yüz faizli nəticə göstərən İspaniya seçməsi qrupu birinci sırada tamamlayıb. Bu qrupdan səkkizdəbir finalın digər iştirakçıları Xorvatiya, Monteneqro və Macarıstan milliləri olublar. Çexiya və Rumıniya isə qrup səddini keçməyi bacarmayıblar.Qardaş Türkiyə millisi yer aldığı “D” qrupunda sonuncu görüşdə güclü Latviya yığmasına 79:89 hesabı ilə məğlub olsa da, qrupu dördüncü sırada başa vuraraq səkkizdəbir finala yüksəlib. Bu qrupda ilk üç sırada isə Serbiya, Latviya və Rusiya milliləri qərarlaşıblar. Belçika və Böyük Britaniya yığma komandaları qrupda qalıblar.Avropa çempionatının səkkizdəbir final mərhələsinin görüşləri sentyabrın 9-da və 10-da keçiriləcək. Sentyabrın 9-da Sloveniya-Ukrayna, Almaniya-Fransa, Finlandiya-İtaliya, Litva-Yunanıstan görüşləri oynanılacaq. Bir gün sonra isə Latviya-Monteneqro, Serbiya-Macarıstan, İspaniya-Türkiyə, Xorvatiya-Rusiya oyunları təşkil olunacaq.Çempionatın dörddəbir final mərhələsinin görüşləri sentyabrın 12-13-də, yarımfinallar ayın 14-15-də oynanılacaq. Üçüncü yer uğrunda görüş və final qarşılaşmaları isə sentyabrın 17-də oynanılacaq.xeber100.com

Sentyabr 8, 2017 12:40