“DÇ-2018″in seçmə mərhələsində

Sentyabrın 5-də 2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turu çərçivəsində "D", "G" və "I" qruplarında yer alan komandalar üz-üzə gəliblər.Azərtac xəbər verir ki, azərbaycanlı futbolsevərlər üçün ən maraqlı qarşılaşma Əskişəhərdə Türkiyə və Xorvatiya milliləri arasında oynanılıb. Yeddi turdan sonra "I" qrupunda dördüncü sırada olan qardaş ölkənin yığma komandası qrupun lideri Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qol matçın 74-cü dəqiqəsində vurulub. Oğuzhan Özyakupun qüvvətli zərbəsindən sonra qapıçı Subaşiçin qaytardığı topu Cenk Tosun dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb.Bu qrupun digər oyununda İslandiya doğma meydanda Ukrayna yığmasını məğlubiyyətə uğradıb – 2:0. Kosovo millisi isə ev oyununda Finlandiyaya məğlub olub – 0:1.Beləliklə, səkkiz turdan sonra Xorvatiya və İslandiya millilərinin 16, Türkiyə və Ukrayna yığmalarının isə 14 xalı var."D" qrupunda ilk sırada olan Serbiya seçmə komandası ikinci sıradakı İrlandiya ilə səfər qarşılaşmasında minimal hesabla qalib gələrək liderliyini daha da möhkəmləndirib. Hazırda serbiyalıların aktivində 18 xal var. Səfərdə 2:0 hesabı ilə Moldovaya qalib gələn Uels yığması xallarının sayını 14-ə çatdırıb və İrlandiyanı bir xal üstələyək ikinci sıraya yüksəlib. Dördüncü sıradakı Avstriya isə beşinci yerdə qərarlaşan Gürcüstan millisi ilə doğma meydanda sülh bağlayıb – 1:1."G" qrupunun şəriksiz lideri İspaniya yığması səfərdə Lixtenşteyn millisini darmadağın edib – 8:0. İkinci sıradakı İtaliya da səfərdə qələbə qazanıb. Apennin təmsilçisi İsraili 1:0 hesabı ilə məğlub edib. Makedoniya və Albaniya millilərinin görüşündə isə qalib müəyyənləşməyib – 1:1.xeber100.com

Sentyabr 6, 2017 11:32

Millimiz San-Marinonu 5:1 hesabı ilə məğlub edib

Azərbaycan-San-Marino oyunu başa çatıb. Millimiz rəqibini 5:1 hesabı ilə məğlub edib.Matçın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib - 5:1.Azərbaycan-San-Marino oyununun 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1.Azərbaycan millisi üçüncü topu rəqib qapısından keçirib. Görüşün 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib.Azərbaycan-San-Marino oyununun birinci hissəsi futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.San-Marino ilə oyun Azərbaycan millisində debütlə əlamətdar olub. Start heyətində yer alan Təmkin Xəlilzadə ilk dəfə milli forma geyinib. “Zirə”nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci futbolçu kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı.Azərbaycan yığması hesabda önə çıxıb. Bu dəfə millimizin heyətində Araz Abdullayev fərqlənib - 2:0.Azərbaycan millisi hesabı açıb. Görüşün 20-ci dəqiqəsində Əfran İsmayılov fərqlənib - 1:0.2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-San-Marino oyunu başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir. Matçın baş hakimi Nikola Dabanovicdir. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirir.Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayevdir.Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com

Sentyabr 5, 2017 10:52