Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

“Dreamland” qolf klubu Formula-1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə qolf turniri təşkil edib.“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) Azərtac-a bildiriblər ki, turnirdə Azərbaycan və qonşu ölkələrdən olan 88 qolfçu gücünü sınayıb.On səkkiz dəlik üzrə mübarizədə “Dreamland” qolf klubunun koreyalı üzvləri Cunqvon Çoi, Cin Yub Çoi, Yunq Tae Son və Donq Seok Kvon 64 zərbənin yekununda 54.1 balla ən yüksək pilləyə yüksəliblər. 68 zərbənin yekununda 59.3 bal qazanan Deyvid Lousan, Con Kvinn, Qeyvin Makkenzi və Alan Ferqyuson ikinci yerdə qərarlaşıblar. Üçüncü yerin sahibi isə 67 zərbə ilə 60.5 bal qazanan Darren Tomson, Corc Bol, Stüart Kinq və Din Makevan olublar.“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 4-cü dəlikdə Alister Makdaf, 11-ci dəlikdə isə Din Makevan göstəriblər. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 3-cü dəlikdə Skot Bryus, 10-cu dəlikdə isə Darren Tomson imza atıblar.Tədbirlə bağlı fikirlərini paylaşan BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim qeyd edib: “Artıq ikinci ildir biz bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Biz bu qədər oyunçunu bir arada görməkdən çox məmnunuq. Bu cür tədbirlər həftəsonu Bakı şəhər halqasında Formula-1 komandaları və pilotları arasında həyəcanlı rəqabət vəd edən yarış haqqında məlumatlılığı artırır”.

İyun 21, 2017 11:05

Boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.Azərtac xəbər verir ki, millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz irlandiyalı Antoni Ceyms Uolkerlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.Ardınca 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı gücünü yoxlayıb. Olimpiya mükafatçımız digər İrlandiya boksçusu Emmet Brennan ilə döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında almaniyalı Silvio Şyerle ilə qüvvəsini sınayacaq.Abdulqadir Abdullayev də Kamran Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. Avropa çempionatında 91 kiloqram çəki dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Şott Antoni Forresti mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü ingiltərəli Çeavan Klarka qarşı keçirəcək.Səkkizdəbir finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.Beləliklə, yığmamızın 5 üzvü mübarizəni iyunun 21-də baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar, həmçinin dünya çempionatında iştirak hüquna da yiyələniblər.Qeyd edək ki, K.Şahsuvarlı və A.Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, polşalı Mateuş Polski, ukraynalı Yevgeni Barabanov və fransalı Camili-Dini Aboudo-Moindze ilə üz-üzə gələcəklər.xeber100.com  

İyun 21, 2017 10:56