43-cü Avropa çempionatına start veriləcək

İyunun 16-da kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək. Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, iyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Elvin Məmişzadə və Məhəmmədrəsul Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar.xeber100.com

İyun 16, 2017 10:43

“Qəbələ” futbol klubu ilk transferini reallaşdırıb

“Qəbələ” futbol klubu mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulub.Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999-2002-ci il), “Salamanka” (2002-2005-ci il), “Real” Madrid (2005-2008-ci il) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013-cü il), “Ourense” (2013-2014-cü il) və “Burqos”un (2014-2015-ci il) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016-cı il), Polşada “Qurnik Lençna”da (2016-2017-ci il) legioner həyatı yaşayıb.xeber100.com

İyun 16, 2017 10:40