Azərbaycan millisinin ilk rəqibi müəyyənləşib

Boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 4 üzvünün ilk rəqibi müəyyənləşib.Azərtaac xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda macarıstanlı İstvan Şakanı 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Elvin Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan E. Məmişzadə Kappai ilə iyunun 19-da döyüşəcək.Ukraynanın Xarkov şəhərində keçirilən qitə birinciliyində 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə İrlandiya təmsilçisi Antoni Ceyms Uolkerlə gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Bolqarıstan boksçusu Simyon Çamov ilə qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində belçikalı Anas Messaudini mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan P.Bağırovla qarşılaşmaq hüququ əldə edib. P.Bağırovun ilk görüşü iyunun 19-da olacaq.Abdulqadir Abdullayev (91 kq) isə startda şotlandiyalı Şott Antoni Forresti sınağa çəkəcək. Bu boksçu 1/16 finalda serbiyalı Zoran Radiçi 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.xeber100.com

İyun 19, 2017 11:45

43-cü Avropa çempionatına start veriləcək

İyunun 16-da kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək. Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, iyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Elvin Məmişzadə və Məhəmmədrəsul Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar.xeber100.com

İyun 16, 2017 10:43