“Barselona” futbol klubuna yeni baş məşqçi təyin edilib

İspaniyalı mütəxəssis Ernesto Valverde İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Bunu kataloniyalıların prezidenti Xosep Bartomeu mətbuat konfransında elan edib.Komandanın mətbuat xidmətinin məlumatında deyilir ki, 53 yaşlı məşqçi ilə müqavilə müddəti daha bir mövsüm uzadılma imkanı ilə iki il müddətinə nəzərdə tutulub. E.Valverde rəsmi surətdə iyunun 1-də təqdim ediləcək.X.Bartomeu deyib: “E.Valverdedə bizə lazım olan istedad, bilik və təcrübə var. O, işləyən adamdır, oyunun fəlsəfəsini və klubumuza münasib olan iş üslubunu bilir, habelə məşqlərdə və oyunlarda yüksək texnologiyalardan istifadənin tərəfdarıdır”.E.Valverde “Barselona”nın baş məşqçisi vəzifəsində mövsüm başa çatandan sonra klubu tərk edəcəyini qabaqcadan elan etmiş Luis Enrikeni əvəzləyəcək.E.Valverde son dörd mövsümdə Bilbaonun “Atletik” klubuna hamilik edib. Onun rəhbərliyi ilə komanda ötən mövsümdə İspaniya çempionatında yeddinci yeri tutub.E.Valverde 1988-1999-cu illərdə “Barselona”nın hücumçusu olub. 2001-ci ildə “Atletik”in məşqçilər qərargahına daxil olandan sonra məşqçilik fəaliyyətinə başlayıb, sonralar bu kluba başçılıq edib. O, bu illər ərzində İspaniyanın “Espanyol”, “Vilyarreal”, “Valensiya”, habelə Yunanıstanın “Olimpiakose” klublarında müvəffəqiyyətlə çalışıb.xeber100.com

May 31, 2017 11:03

Beynəlxalq Boks Federasiyasının məlumatına görə…

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq.Azərtac xəbər verir ki, iyunun 14-dən 26-dək Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi dünya çempionatındakı təmsilçilərin adlarına aydınlıq gətirəcək.Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən “köhnə qitə”dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək.Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 boksçu olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yeri Beynəlxalq Boks Federasiyası (AİBA) müəyyənləşdirib, həmin boksçuya “wild card” verəcək. Digər 26 iştirakçı isə qitə çempionatları arasında bölüşdürülüb.Ən çox yer Avropa çempionatına verilib ki, “köhnə qitə” hər çəki dərəcəsində 8 idmançı ilə təmsil olunmaq hüququna malikdir. Bu isə o deməkdir ki, Xarkovda 1/4 finala çıxacaq hər bir boksçu mundiala vəsiqəni təmin edəcək. Yığmamızın dünya çempionatındakı iştirakçıları da Avropa birinciliyində yarımfinalın 1 addımlığınadək irəliləyəcək boksçulardan ibarət olacaq. 1/4 finala yüksəlməyən idmançılar isə “wild card”a ümid edəcəklər.Dünya çempionatındakı digər yerlər 4 qitə arasında bölüşdürülüb. Asiya və Amerikanın hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə təmsil olunacaq.Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq.xeber100.com

May 30, 2017 11:49