Mili Avarçəkmə Federasiyasının məlumatı

Almaniyanın Krefeld şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib.Azərbaycan Mili Avarçəkmə Federasiyasından Azərtac-a bildiriblər ki, qitə miqyaslı reqatada ölkəmizi Cavidan Şirinov təmsil edib. 18 yaşlı idmançı bir nəfərlik qayıqla iki min metr məsafəyə yürüşlərə qatılıb. O, 24 iştirakçı arasında beşinci yeri tutub.Seçmə mərhələdə Şirinov 7 dəqiqə 36,85 saniyəyə birinci çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə yeniyetmə avarçəkən 7 dəqiqə 27,93 saniyə nəticə ilə üçüncü olub. İlk üçlüyə daxil olduğu üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.Nəhayət həlledici yürüşdə C.Şirinov 7 dəqiqə 31,95 saniyəlik göstərici ilə beşinci yeri tutub. Almaniyalı Morits Volff (07:17.22), danimarkalı Bastian Zexer (07:20.39), polşalı Fabian Baranski (07:24.45) və italiyalı Danilo Amalfitanodan (07:27.56) geri qalan azərbaycanlı avarçəkən yalnız isveçrəli Yan Şöbleni (07:40.09) üstələyə bilib.Qeyd edək ki, Avropa çempionatı avqustun 2-dən 6-dək Litvanın Trakay şəhərində təşkil olunacaq və 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi böyük əhəmiyyət kəsb edib. Qarşıdakı mundialda bir nəfərlik qayıqla yürüşdə ilk beşliyə düşən avarçəkənlər olimpiadaya vəsiqə qazanacaqlar.xeber100.com

May 28, 2017 11:11

“Minsk-2019” Avropa Oyunlarının keçirilmə vaxtı təsdiqlənib

Avropa Olimpiya Komitəsinin Skopye şəhərində keçirilən 38-ci seminarında “Minsk-2019” Avropa Oyunlarının keçirilmə vaxtı təsdiqlənib.Azərtac Belarus Respublikasının Milli Olimpiya Komitəsinin saytına istinadla xəbər verir ki, oyunlar iyunun 21-30-da keçiriləcək. Açılış və bağlanış mərasimləri Minsk şəhərindəki “Dinamo” stadionunda baş tutacaq. Bəzi yarışlar Oyunların rəsmi açılışından bir gün əvvəl - iyunun 20-də başlaya bilər. “Dinamo” stadionunda rekonstruksiya işlərinin 2017-ci ilin sonlarında başa çatacağı gözlənilir. İnşaat işlərinin dövlət proqramı çərçivəsində aparıldığı və Avropa Oyunları ilə bağlı olmadığı bildirilir. Əvvəllər Belarusun futbol üzrə milli komandasının istifadəsində olan və 1980-ci ildə Yay Olimpiya Oyunlarının turnirlərini qəbul edən stadionda yüngül atletika yarışları keçiriləcək.“Minsk-Arena” isə gimnastika üzrə yarışların məkanı kimi təsdiq edilib. 15 min azarkeş üçün nəzərdə tutulan çoxfunksional meydançada idman gimnastikası və bədii gimnastika, akrobatika, batutda tullanma yarışları olacaq. Arena 2013-cü il dünya çempionatında istifadə edilən velodromun da daxil olduğu üç binadan ibarət kompleksdir. Burada, həmçinin trekdə yarış və badminton üzrə yarışların təşkili nəzərdə tutulur.Şose yarışları şəhərin küçələrində keçiriləcək, Minskin mərkəzində 2 min tamaşaçı tutumuna malik “Palova-Arena” 3X3 basketbol yarışlarına ev sahibliyi edəcək.xeber100.com

May 26, 2017 12:09

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti hazırlıq işlərini davam etdirir

Ölkəmizdə Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də keçiriləcək Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlıq işlərini intensiv davam etdirir.Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, hazırda trekin ətrafında polad şəbəkələrlə ikinci qoruyucu hasarın quraşdırılması işləri görülür. Tikinti-quraşdırma işləri görülərkən şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafdakı biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneçilik törədilməməsinə xüsusi diqqət göstərilir.BŞH müvəqqəti narahatlığa görə şəhər sakinlərindən, o cümlədən trekətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan üzr istəyir.Əməliyyat Şirkəti ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula-1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Təşkilatçılar Azərbaycan Qran-Prisini izləməyə gələcək Formula-1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırlar. Xaricdən gələn minlərlə turist ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa töhfə verəcək.“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti möhtəşəm yarışa hazırlıq prosesində göstərdiyi anlayışa və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.xeber100.com

May 26, 2017 12:06