Futbol üzrə 2016-2017-ci il mövsümünə yekun vurulacaq

Aprelin 29-da futbol üzrə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünə yekun vurulacaq.Azərtac xəbər verir ki, Topaz Premyer Liqasının mükafatçıları artıq bəlli olduğundan sonuncu turda bütün diqqətlər əsasən dördüncü yer uğrunda mübarizə aparan “Zirə” və “Kəpəz” komandalarına yönələcək. Paytaxt təmsilçisi “Zirə” səfərdə “AZAL”ın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri autsayderlə görüşdə ən azı 1 xal əldə edib UEFA Avropa Liqasının seçmə mərhələsinə vəsiqə qazanmağa çalışacaqlar.“Kəpəz” in işi isə daha çətindir. “Zirə”dən 3 xal geri qalan gəncəlilər çempionatın bürünc mükafatçısı olan “İnter”i qəbul edəcəklər. Əgər bu oyunda əyalət təmsilçisi “bankir”ləri böyük hesabla məğlub edərsə və “Zirə” komandası “Azal” ilə oyunda xal qazana bilməsə, onda gəncəlilər ölkəmizi Avropada təmsil etmək imkanına sahib olacaqlar.Turun digər oyunlarında “Sumqayıt” komandası “Qəbələ”ni, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.Xatırladaq ki, Ağdamın “Qarabağ” komandası artıq çempionluğunu elan edib. “Qarabağ” ardıcıl dördüncü, ümumilikdə isə beşinci dəfə ölkə çempionu tituluna sahib olub.“Qəbələ” komandası gümüş, “İnter” isə bürünc medallara layiq görülüb.xeber100.com

Aprel 29, 2017 6:40

Güləş üzrə Avropa çempionatı keçiriləcək

Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. Turnirin ilk günündə sərbəst və qadın güləşçilər yarışacaqlar.Azərtac xəbər verir ki, qadın güləşi üzrə yığma komandamız hazırlıqları Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir.Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kiloqramda sərbəst, 48 və 63 kiloqram çəkidə qadın güləşçilər yarışacaqlar. Mayın 3-də 65 və 97 kiloqramda sərbəst, 53 və 60 kiloqram çəki dərəcəsində qadın güləşçilər, mayın 4-də 61 və 74 kiloqramda sərbəst, 55 və 75 kiloqramda qadın güləşçilər mübarizə aparacaqlar. 70 və 125 kiloqramda sərbəst, 58 və 69 kiloqramda qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.xeber100.com

Aprel 28, 2017 12:15