Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək

Noyabrın 12-13-də Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Rusiyanın paytaxtında ümumilikdə Azərbaycan yığmasının idman şərəfini 17 güləşçi qoruyacaq. Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın heyətində Patimat Baqomedova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (58 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar. Sərbəst güləş yığmamız Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmamızın heyətində Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Alimaqomed Alixmoyev (125 kq) birincilik uğrunda mübarizə aparacaqlar. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları yarışacaq. Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə Mikayıl Rəhmanov (59 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (75 kq), Arif Niftullayev (85 kq), Soslan Fanziyev (98 kq) və Oyan Nəzəriani (130 kq) daxil edilib. Yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları mübarizə aparacaq. Proqrama əsasən, noyabrın 12-də ilkin, bir gün sonra isə final görüşləri keçiriləcək. Yarış Lujniki Olimpiya Kompleksində və “Drujba” Universal İdman Zalında baş tutacaq. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.xeber100.com

Noyabr 8, 2016 11:39

“Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib

Noyabrın 5-də Topaz Premyer Liqasının XI turu çərçivəsində günün ikinci qarşılaşması keçirilib. Azərtac xəbər verir ki, Bakı derbisində “Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib. Üç oyundur xal qazana bilməyən “Neftçi” cari mövsümdə uduzmayan Zaur Svanadzenin yetirmələrinə 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” ilk mövsümdə “İnter”dən aldığı 1:2 hesablı məğlubiyyətin revanşını almağı bacarıb-2:1. Matçın ilk hissəsi komandaların qarşılıqlı hücumları ilə yadda qalsa da, qapılara qol vurulmayıb. İkinci 45 dəqiqəyə meydan sahibləri daha fəal başlayıblar. “Neftçi”nin yeni transferi Yohan Pessali komandasına qol sevinci yaşadıb. O, 53-cü dəqiqədə qonaqların qolkiperi Səlahət Ağayevi məyus etməyi bacarıb-1:0. Meydan sahibləri ikinci qolu 61-ci dəqiqədə penaltidən vurub. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb-2:0. Lakin oyunun sonlarına yaxın penaltiyə səbəb olan gürcüstanlı legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib. Bundan sonra qapılara qol vurulmayıb və oyun meydan sahiblərinin 2:1 xeyrinə başa çatıb. Bu nəticədən sonra “Neftçi” xal ehtiyatını doqquza çatdırıb və ən yaxın qonşusu “Sumqayıt”la fərqi birə endirib. “İnter” isə 20 xalla üçüncüdür.xeber100.com

Noyabr 6, 2016 11:29

“The Telegraph”ın məlumatına görə…

İngiltərənin “Mançester Yunayted” futbol komandasında köklü oyunçu dəyişikliyi baş verəcək. "The Telegraph” xəbər verir ki, qış transferində klubda 9 futbolçunun satılması nəzərdə tutulub. Məlum olub ki, bu təşəbbüs bilavasitə baş məşqçi Joze Mourinyodan gəlib. Hətta vəziyyət o yerə çatıb ki, portuqaliyalı mütəxəssis müqaviləsi mövsümün sonunadək qüvvədə olan və bu il heyətə cəlb olunan hücumçu Zlatan İbrahimoviçlə də yolların ayrılmasını istəyib. Onun qənaətinə görə, komandanın son oyunlardakı uğursuzluğu məhz heyətə transfer olunan zəif futbolçuların alınmasından qaynaqlanır. Yayda dörd oyunçu - Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərclənib. Mourinyonun vidalaşmaq istədikləri isə müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depay və Zlatan İbrahimoviçdir. Qeyd edək ki, “Mançester Yunayted” oktyabrın 23-də “Çelsi”yə 0:4 hesabı ilə uduzub. Bu, Joze Mourinyonun İngiltərə karyerası ərzində ən böyük hesablı məğlubiyyəti olub. Noyabrın 3-də isə “qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda “Fənərbağça”ya yenilib - 1:2. Hazırda Mourinyonun komandası Premyer Liqada 10 oyundan 15 xalla səkkizinci, Avroliqada isə 6 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Noyabr 5, 2016 3:49