31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub

Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub. Azərtac xəbər verir ki, açılış mərasimində Makedoniyanın hökumət nümayəndələri, bu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi, CİSM-in və iştirakçı ölkələrin nümayəndələri iştirak ediblər. Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 8 çəki dərəcəsi üzrə iştirak edirlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxildir.xeber100.com

Sentyabr 22, 2016 10:50

Əməkdaşlıq üzrə saziş imzalanıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə dünyanın məşhur futbol klublarından olan "Yuventus" arasında əməkdaşlıq üzrə saziş imzalanıb. ABB-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bankın baş ofisində keçirilən imzalanma mərasimində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo, "Yuventus" Futbol Klubunun beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci, "Yuventus" İdman Akademiyasının direktoru Gianluca Pessotto, "Yuventus"un keçmiş hücumçusu David Trezegue, AFFA təmsilçiləri, "İnter" Futbol Klubunun rəhbərliyi də iştirak ediblər. Azərbaycan Beynəlxalq Bankı idarə heyəti sədrinin müavini Ülvi Mansurov nəzərdə tutulan əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirib ki, müvafiq saziş çərçivəsində "Yuventus" klubu ilə bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk addım kimi artıq "İnter Arena"nın bazasında "Yuventus" Futbol Akademiyası yaradılıb. Akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter" Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Bütün dünyada məşhur olan "Yuventus" klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq arenada təbliği baxımından da geniş imkanlar açır. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo ölkələrimiz arasında əlaqələrin getdikcə inkişafından məmnunluğunu ifadə edərək bu sazişin mədəni sahədə əməkdaşlığa yeni bir töhfə olacağını qeyd edib. İmzalanma mərasimindən sonra italiyalı qonaqların iştirakı ilə "Yuventus" Futbol Akademiyasının açılışı olub.xeber100.com

Sentyabr 21, 2016 10:38

XV Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 105 qızıl, 81 gümüş və 57 bürünc medal qazanmış Çin idmançıları tutub. İkinci yerdə Böyük Britaniya (64 qızıl, 39 gümüş, 44 bürünc), üçüncü yerdə isə Ukrayna qərarlaşıb (41 qızıl, 37 gümüş, 39 bürünc). Azərtac xəbər verir ki, Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb. İki idmançımız “Rio-2016”da yeni rekordlara imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib. Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib. “Rio-2016”da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər ikiqat Paralimpiya çempionu və üçqat paralimpiya mükafatçısıdır.xeber100.com

Sentyabr 19, 2016 10:49

“Rio-2016” XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb

Bu gün “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib. Azərbaycan Milli Paralimpiya Komitəsindən Azərtac-a bildirilib ki, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb. Milli komandamız “Rio-2016”da Pekin oyunlarına nisbətən 1 medal çox, London oyunlarına nisbətən isə 1 medal az qazanıb. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdüsə, “Rio-2016”da 8 atletimiz bayrağımızı qaldırdı. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak etdi və ümumilikdə 4 medal qazandı. Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50 faiz təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb. İki idmançımız “Rio-2016”da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib. Sevindirici haldır ki, 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və XVI Tokyo Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib. “Rio-2016”da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər ikiqat Paralimpiya çempionu və üçqat paralimpiya mükafatçılarıdır.xeber100.com

Sentyabr 18, 2016 9:03