Futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turuna start veriləcək.Turun açılış matçı Gəncənin “Kəpəz” və Ağdamın “Qarabağ” komandaları arasında olacaq.Qəbələ şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:00-da start götürəcək.Ağdam təmsilçisi ardıcıl yeddi qələbə qazanıb. Gəncə komandası isə son dörd görüşdə qol vurmayıb.Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” hazırda doqquz xalla ikinci pillədə qərarlaşıb. Dörd görüşdə məğlub olan “Kəpəz” sonuncu - 10-cu pillədədir.Hər iki komanda indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qalib gəliblər. Doqquz oyun heç-heçə yekunlaşıb.Görüşün baş hakimi Əliyar Ağayev olacaq.Turun digər görüşləri sentyabrın 3-də və 4-də keçiriləcək.Sentyabrın 3-də “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Eyni gün baş tutacaq digər oyunda “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək.Sentyabrın 4-də isə “Bank Respublika Arena”da saat 18:00-da “Sabah”-“Səbail” oyunu keçiriləcək. Həmin gün “Zirə” komandası “Qəbələ” ilə görüşəcək. Zirə İdman Kompleksinin stadionundakı oyuna saat 20:30-da start veriləcək.

Sentyabr 1, 2022 3:58

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə…

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.Federasiyadan bildiriblər ki, Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A qrupu (12-16) və B (12 yaşadək) qruplarında təşkil edilib.Olimpiadanın A qrupunda mübarizə aparan Şəki şahmatçısı İslam Hacıəliyev 11 oyundan 9,5 xal toplayaraq birinci yerin sahibi olub. 2-3-cü yerləri Sumqayıt şahmatçıları Əli Həsənov ( 9 xal) və Musa Taklavi (8.5 xal) tutublar. Amin Novruz Qurbanov və Rüstəm Rüstəmov hərəyə 8,5 xal toplayaraq müvafiq olaraq 4-5-ci pillədə qərarlaşıblar.B qrupunda çempion adını 9,5 xal toplayan Murad Rzayev qazanıb. Şəmsəddin Mehdiyev (Balakən) 9 xalla ikinci, onunla eyni xal toplayan Cavad Xəlilzadə (Bakı) isə üçüncü olub.Suat İbrahimli, Yusif Babayev, Əsnad Baxşızadə və Mikayıl Şirinov 9 xalla əlavə göstəricilə görə 4-7-ci yerləri bölüşdürüblər.Eyni zamanda komanda hesabında A qrupunda birinci yeri Sumqayıt komandası tutub. 3 nömrəli UGİŞM ikinci, Gəncə komandası isə üçüncü olublar. B qrupunda isə RŞM yarışı birinci, 4 nömrəli UGİŞM ikinci, Vüqar Həşimov komandası isə üçüncü pillədə başa vurublar.Qeyd edək ki, Olimpiadada ölkənin bütün şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.xeber100.com

Sentyabr 1, 2022 3:51

Azərbaycan Boks Federasiyasının məlumatına görə…

Qazaxıstanın Aktau şəhərində keçiriləcək kişi boksçular arasında beynəlxalq turnirin püşkü atılıb.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. Komandamızın heyətində yarışın ilk günündə rinqə 4 boksçumuz – Maksud Xasmetov, Əzrək Bəbirov, Niyaməddin Allahverdiyev və Eldar Quliyev çıxacaqlar. Səkkizdəbir finaldan yarışa start verəcək Maksud Xasmetov (57 kq) Sukzet Saravut (Tailand), Əzrək Bəbirov (57 kq) Oybek Jurayev (Özbəkistan), Niyaməddin Allahverdiyev (71 kq) Marqulan Aydaruli (Qazaxıstan) ilə qarşılaşacaqlar. Dörddəbir finalda isə Eldar Quliyev (86 kq) Ontalap Rəhmanov (Qazaxıstan) ilə döyüşəcək.Avqustun 31-də səkkizdəbir finalda Fuad Tarverdi (60 kq) Nurbolat Bekbayjov (Qazaxıstan), Ruslan Rüstəmov (63,5) Pidnuç Xunatip (Tailand), Cəlal Qurbanov (63,5 kq) Miras Kanabek (Qazaxıstan), Fərid Qəribov (80 kq) Loqin Petrov (Özbəkistan) ilə üz-üzə gələcək. Dörddəbir finalda isə Həsən Məlikov (48 kq) Yernar Karap (Qazaxıstan), Ruslan Qədirov (54 kq) Samat Jetibayev (Qazaxıstan)-Yerxan Abbas (Qazaxıstan) cütünün qalibi, Rauf Rəhimov (92 kq) isə Adilet Dosimbekov (Qazaxıstan) ilə görüşəcəklər.Sentyabrın 1-də dörddəbir final çərçivəsində Rüfət Hüseynov (51 kq) Foziljon Abdumuradov (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) İliyar Aşirov (Qazaxıstan), Rasim Çobanlı (75 kq) Dias Moljiqitov (Qazaxıstan) ilə üz-üzə gələcəklər.Turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçu gücünü sınayacaq. Yarışın qaliblərinin adları sentyabrın 3-də bəlli olacaq.xeber100.com

Avqust 30, 2022 2:45