Mayın 21-də Dənizkənarı Milli Parkda yerləşən “Formula-1” Əyləncə Zonasında Avropa Qran-prisinə həsr olunmuş “Yarışa 1 ay qaldı” adlı tədbir təşkil olunub. Azərtac xəbər verir ki, əvvəlcə “Red Bull Racing Can” yarışı keçirilib. Yarış paytaxt sakinlərinin hərarətli alqışları ilə müşayiət olunub. Sakinlər əyləncə zonasında quraşdırılmış simulyator oyunlarında gücünü sınayır, əyləncəli proqramlarda iştirak ediblər. Tədbirdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, “Formula-1” Avropa Qran-pri yarışlarına artıq bir aydan da az vaxt qalıb. “Formula-1” yarışları zamanı paytaxt sakinləri və turistlər üçün bir çox əyləncəli proqram nəzərdə tutulub. Həmin ərəfədə ölkəmizdə “GP-2” seriyası üzrə yarışlar da təşkil olunacaq. Dənizkənarı Milli Parkda yerləşəcək “F-1 Şəhərciyi”ndə uçuş turbini, motosiklet şousu, həmçinin üç böyük səhnədə konsertlər nəzərdə tutulub. O, bütün bunların paytaxt sakinlərində və şəhərimizin qonaqlarında bilet alan şəxslərin gözəl əhval-ruhiyyə yaradacağına əminliyini bildirib. Sonra Avropa Qran-prisinin ulduz elçisi, Əməkdar Artist Tünzalə Ağayeva yarışa həsr olunmuş “Sürət” mahnısını ilk dəfə “Formula-1” azarkeşləri və paytaxt sakinləri üçün ifa edib. Tədbir iştirakçıları həzin musiqinin sədaları altında xoş anlar yaşayıblar. Mötəbər yarışa bir ay qalması münasibətilə təşkil olunan tədbirdə bu mahnını təqdim etdiyi üçün məmnunluğunu bildirən Tünzalə Ağayev deyib: “Mən bu mahnını “Səs Azərbaycan” layihəsinin iştirakçıları ilə birgə ifa etdim. İnanıram ki, mahnı çox uğurlu alınıb. Musiqinin sözləri İsmayıl Dadaşova, musiqisi isə mənə aiddir. “Sürət” mahnısı bizi daha da sürətləndirəcək, həyatda daha fəal və enerjili olmağa çağıracaq. Ötən il ölkəmizdə təşkil olunan “Bakı-2015” ilk Avropa Oyunlarının da ulduz elçisi kimi təşəbbüslə çıxış edərək “Bakımın üzü gülür” mahnısını təqdim etmişdim. Hətta bu mahnını Kelli Coysla da birgə ifa etdik”. Yarışın digər elçiləri “Formula-1” üzrə şərhçi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, Əməkdar artist Murad Dadaşov Qran-prinin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, yarış paytaxtımızın gözəlliyini, qədim tarixini və müasir görkəmini bütün dünyaya çatdırmağa imkan verəcək. Elçilər Bakı Şəhər Halqasının digərlərindən fərqləndiyini və sürətli yarış treki olacağını diqqətə çatdırıblar. Vurğulanıb ki, yarışı 190 ölkədə 500 milyondan artıq azarkeş izləyəcək. Sonra Avropa Qran-prisinin elçiləri yarışın azarkeşləri ilə görüşüb və iştirakçılara avtoqraf veriblər. Paytaxtımızın sakinləri “Formula-1” əyləncə zonasından xoş təəssüratlarla ayrılıblar.