Premyer Liqasında 34-cü turun oyunlarına start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start veriləcək. Azərtac xəbər verir ki, turun bütün görüşləri eyni gündə oynanılacaq. AZAL Şüvəlanda turnir cədvəlinin ikincisi – “Zirə”ni qonaq edəcək. “Zirə” hazırda 60 xalla turnir cədvəlində ikinci, AZAL isə 45 xalla 6-cı pillədə qərarlaşıb. Bu görüşlə eyni vaxtda Gəncə şəhər stadionunda “Kəpəz” və “Neftçi” komandaları görüşəcək. Bu qarşılaşma hər iki komanda üçün əhəmiyyətlidir. Artıq avrokuboklara vəsiqəni təmin etmiş meydan sahibləri qələbə sayəsində mükafatçılar sırasındakı mövqeyini qoruyacaq. Paytaxt təmsilçisi isə üç xal qazanacağı təqdirdə AZAL – “Zirə” matçının nəticəsindən asılı olaraq bir pillə irəliləyə bilər. “Kəpəz” 55 xalla üçüncü, “Neftçi” isə 43 xalla yeddinci pillədədir. Günün növbəti matçında “İnter” və “Xəzər Lənkəran” komandaları qarşılaşacaq. Cənub təmsilçisi üçün bu matç elitada qalmaq uğrunda mübarizə sayılırsa, meydan sahibi mükafatçılar sırasına düşmək üçün mübarizə aparır. “İnter” 53 xalla beşınci, “Xəzər Lənkəran” 14 xalla doqquzuncudur. Premyer Liqada heç bir iddiası olmayan “Sumqayıt” autsayder “Rəvan”la üz-üzə gələcək. Bu qarşılaşma qonaq komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki səfərdə “Rəvan” qələbə qazanarsa, sonuncu pilləni “Xəzər Lənkəran”a təhvil verəcək. Turun və günün son oyunu Masazırda keçiriləcək. “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Qarabağ” artıq çempionluğu təmin edib və Çempionlar Liqasına vəsiqə qazanıb. “Qəbələ” isə həm mükafatçılar sırasına düşmək, həm də avrokubok üçün mübarizə aparır. Roman Qriqorçukun yetirmələri qələbə sayəsində ən azı hazırkı mövqeyində qalaraq avrokuboklara vəsiqəni təmin edə bilər.xeber100.com

May 11, 2016 2:18

Beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib

Mayın 5-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsi başlayıb.Azərtac xəbər verir ki, saat 10:30-da Veloparkdan start götürən iştirakçılar 186,5 kilometr məsafə qət edəcək və İsmayıllıda finiş xəttini keçəcəklər. Xatırladaq ki, beş mərhələdən ibarət turun birinci günündə məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat 34 dəqiqə 19 saniyəlik göstərici ilə mərhələnin qalibi olub. ABŞ-ın “İlluminate” komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən, idmançılarımız arasında ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur. O, beşinci olub. Mərhələni qalib kimi başa vuran Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini əldə edib. O, həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR”, eyni zamanda, ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər. Məlumat üçün qeyd edək ki, iştirakçılar 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ-Pirqulu (115,3 km), sonuncu mərhələdə isə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 kilometr məsafə qət edəcəklər.xeber100.com  

May 5, 2016 1:11

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Bavariya” və “Atletiko” qarşılaşıblar. Madriddə keçirilmiş ilk görüşdə “Atletiko”ya uduzan (0:1) “Bavariya” öz meydanında məğlubiyyətin əvəzini çıxa bilsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb. Gərgin məcrada keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Meydan sahibləri hesabı açan tərəf olublar. İlk hissə bu hesabla bitsə də, ikinci hissənin 10-cu dəqiqəsində Qrizman status-kvonu bərpa edib. Buna qədər isə artıq "Bavariya"lı Müller penaltidən fərqlənmək şansını boşa vermişdi. Yan Oblak yaxşı oynayaraq komadasını xilaskarı olmuşdu. 74-cü dəqiqədə Levandovski meydan sahiblərini ümidləndirsə də, münhenlilərin bundan artığına gücü çatmayıb. Üstəlik, az qala öz qapılarında qol da görəcəkdilər. Ancaq Fernando Torres də Müller kimi əlinə düşən 99%-lik imkanı boşa verib. Bu dəfə isə qurtarıcı rolunda Manuel Noyer çıxış edib. Beləliklə "Atletiko" məğlub olsa da, səfərdə vurduğu qolun verdiyi üstünlüklə ilk finalçı olub. Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunları 3 may “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1 Qollar: Xabi Alonso, 31, Levandovski, 74 - Qrizman, 54 İstifadə olunmayan penaltilər: Müller, 34 (qapıçı) - Torres, 84 (qapıçı) İlk oyun - 0:1 Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə) Münhen. “Allyanz Arena” “Bavariya”: Noyer, Xavi Martinez, Riberi,  Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix “Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k),  Saul Niqes, Xuanfran, Ximenes Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto  

May 4, 2016 11:53