II Budapeşt Kuboku başa çatıb

Macarıstanda idman gimnastikası üzrə gənclər arasında keçirilən II Budapeşt Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış millimiz üçün uğurlu alınıb. Belə ki, Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərovla turnirə qatılan yığmamız yarışı 8 medalla başa vurub. I yaş qrupunda (1998-1999) çıxış edən Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci olub. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak edib. Onbış, Babayev və Qəhrəmanov II yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirib, paralel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci pillədə qərarlaşıb. Gənclərin ən kiçik, III yaş qrupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənmədi (sərbəst hərəkətlər - “qızıl”, gimnastika atı - “gümüş”, çoxnövçülük - “bürünc”). Paralel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb. Qeyd edək ki, gənc gimnastlarımızı qarşıda Avropa birinciliyi (Bern, İsveçrə - 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək.xeber100.com  

May 2, 2016 3:28

X Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib

Aprelin 30-da Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir idmançıların paradı ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti vəzifəsini icra edən Ceyhun Əşrəfov qeyd edib ki, turnirin keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin təbliğinə, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin xilasında, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək verməkdir. Həmçinin son illərdə ölkəmizdə inkişaf etməkdə olan sindo-ryu və pençak-silatın kütləviləşdirilməsinə, idmanın bu növünə marağın daha da artırılmasına çalışmaqdır. O, ölkəmizdə idmanın, o cümlədən sindo-ryu və pencak-silatın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Turnirin açılış mərasimində İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani pençak-silatın qədim tarixə malik olduğunu söyləyib. Səfir qeyd edib ki, vətəni İndoneziya sayılan bu idman növünün Azərbaycanda bu səviyyədə inkişaf etməsi sevindiricidir. İndoneziyada pençak-silatın təkcə idman kimi deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayıldığını qeyd edən diplomat bildirib ki, ölkəsində kiçik yaşda olan uşaqlara belə bu idman növü öyrədilir. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan X Azərbaycan birinciliyi və çempionatı ilə yanaşı, azarkeşlərin marağını nəzərə alaraq “One silat” idman növü üzrə də beynəlxalq yarış keçirəcək. “One silat” bizə məlum olan qaydasız döyüşə çox yaxındır və ona Asiya ölkələrində böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar. Qaliblər diplom və qiymətli hədiyyələrlə yanaşı, Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ da qazanacaqlar.xeber100.com

Aprel 30, 2016 6:24

“YAP K-2016”

İyunun 17-19-da Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışı keçirilib. Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik. İyirmi ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran-pri olan Bakı Avropa Qran-prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya İrs Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər. YAP təşkilatlarının Gənclər Birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər. Yarışda birinci yeri YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tutub.

Aprel 30, 2016 6:16

İtaliya yığması Azərbaycana gəlir

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışına start verən İtaliya yığmasına 25 oyunçu dəvət edilib. Baş məşqçi Alessandro dal Kanto mayın 1-nə qədər futbolçuların hazırlıq durumu ilə tanış olacaq. Məhz həmin gün 18 nəfərlik yekun heyət müəyyənləşəcək və mayın 3-də komanda Azərbaycana yola düşəcək. “Skuadra Adzurra” 18 oyunçu, məşqçi və texniki heyət daxil olmaqla, ümumilikdə 28 nümayəndə ilə Bakıya gələcək. İtaliya yığmasının ilkin heyəti: Qapıçı: Domeniko Koppola (“Torino”), Qabriel Manuel Meli (“Empoli”), Alessandro Plitsari (“Milan”) Müdafiəçilər: Alessandro Bastoni (“Atalanta”), Raoul Bellanova, Matteo Qabbia (hər ikisi “Milan”), Edoardo Byanki, Alessandro Tripaldelli, Cianmaria Zanandrea (hamısı “Yuventus”), Luka Pelleqrini (“Roma”), Karmine Setola (“Çesena”), Federiko Valietti (“İnter”) Yarımmüdafiəçilər: Fabritsio Kaliyara (“Yuventus”), Kristian Kapone, Alessandro Mallamo, Filippo Meleqoni (hamısı “Atalanta”), Davide Frattesi, Andrea Markukki (hər ikisi “Roma”), Alessio Militari (“Fiorentina”), Marko Olivieri (“Empoli”) Hücumçular: Qabriele Qori (“Fiorentina”), Bioti Moyse Kin (“Yuventus”), Pietro Pelleqri (“Cenoa”), Andrea Pinamonti (“İnter”), Canluka Skamakka (“PSV Eyndhoven”, Hollandiya). Qeyd edək ki, D qrupunda yer alan İtaliya millisi mayın 6-da Serbiya, 9-da Hollandiya və 12-də İspaniya ilə qarşılaşacaq. İtalyanların hər 3 görüşü “Qarabağ” stadionunda baş tutacaq.xeber100.com  

Aprel 27, 2016 2:40

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib

Aprel ayının 23-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub. Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib. Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb. Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran Ə.Həsənov, bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzalandığını da vurğulayıb. Qeyd olunub ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 mindən çox uşaq və yeniyetmə məşğul olur. Bildirilib ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlayıb. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər. 2016-cı ilin sentyabr ayında Beynəlxalq Şahmat Olimpiadasının ilk dəfə olaraq Bakıda keçirilməsi planlaşdırılır. Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 7-də başa çatacaqdır.xeber100.com

Aprel 24, 2016 2:17