Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə…

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. İyulun 22-dən 24-dək keçirilən çempionatda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb.Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışa Respublika Velotreki ev sahibliyi edib.Mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qalibləri təbrik edib. O, dövlətimiz tərəfindən idmana və idmançılara xüsusi diqqət və qayğı göstərildiyini bildirib. R.Abbasov velosipedçilərə qarşıdan gələn V İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıb.Daha sonra qalib idmançılar fəxri kürsüyə dəvət olunublar.Qızlar arasında Ayan Xankişiyeva QİT-500 m və 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində, 7,5 km məsafəyə skretç növündə və qrup yarışlarında fərqlənib. Viktoriya Sidorenko isə 2 km məsafəyə fərdi ötüşmədə və sprint növü üzrə yarışlarda birinci yerə layiq görülüb.Oğlanlar arasında Musa Mikayılzadə U-23/Elit yaş kateqoriyasında 3 km məsafəyə fərdi, QİT-1000 m məsafəyə, 72 dairədən ibarət xallar üzrə qrup, 10 km məsafəyə skretç, həmçinin sprint növü üzrə və U-23/Elit yaş kateqoriyasında qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Kamran Mirzəxanov 3 km məsafəyə fərdi və gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində, Hüseyn Nərimanov isə QİT-1000 m yarışlarında fərqlənib.Qaliblərə mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər.Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək. Nəticələr həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.xeber100.com

İyul 24, 2022 9:15

İyulun 20-si Beynəlxalq Şahmat Günüdür

İyulun 20-si Beynəlxalq Şahmat Günüdür.Bu bayramın əsası 1924-cü ildə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir. Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 40-dan çox rəsmi çempionat təşkil edilir. Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Belə ki, qədim zamanlarda ölkəmizdə bu intellektual növ üzrə böyük şahmatçılar yetişib. Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilər öz şeirlərində şahmatı tərənnüm edərək oyun haqqında mənalı, çox dərin fikirlər söyləyiblər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynayıb və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd edib. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə edib. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilib. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra mötəbər turnirlərdə iştirak edən komandamız böyük uğurlar əldə edib.Ölkəmizdə yeniyetmə şahmatçılar arasında çoxlu istedadlı zəka ustaları yetişir. Belə ki, 2019-cu ildə Aydın Süleymanlının 16 yaşadək idmançılar arasında dünya çempionu adını qazanması, eləcə də həmin il 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandasının Ümumdünya Şahmat Olimpiadasının qalibi olması bu sahədə güclü potensialın olmasının bariz nümunəsidir.Azərbaycan şahmat üzrə ən mötəbər turnirlərə ev sahibliyi də edib və bu ənənə son illər də davam edir. Ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışın təşkili, eləcə də görkəmli zəka ustası, mərhum qrosmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi superturnirdə dünyanın ən güclü şahmatçılarının iştirak etməsi Azərbaycanın şahmat ölkəsi olduğunu sübut edir.xeber100.com    

İyul 20, 2022 4:00