Azərbaycan Kuboku uğrunda turnirin ikinci mərhələsinə yekun vurulub

Şose velosipedi üzrə Azərbaycan Kuboku uğrunda turnirin ikinci mərhələsinə yekun vurulub.Azərbaycan Velosiped İdmanı Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda müxtəlif klubların bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib.Reqlamentə əsasən, yarışın birinci günündə idmançılar 14 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti gün isə velosipedçilər yaş kateqoriyalarına uyğun olaraq 32 və 64 kilometr məsafələrə qrup ötüşməsində qalibləri müəyyən ediblər.Turnirdə 15 yaşadək qızlar arasında Məryəm Əfqanzadə həm fərdi, həm də qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 17 yaşadək qızların mübarizəsində İradə Əbdürəhmanova fərdi, Ayan Məmmədzadə isə qrup ötüşməsində qalib olub. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında Tamerlan Vitovski və Ravi Rzayev müvafiq olaraq fərdi və qrup ötüşməsində qızıl medala layiq görülüblər.Gənc oğlanlar və qızlar arasında Kamran Mirzəxanov və Diana Sidorenko, U23/Elit yaş kateqoriyasında isə Musa Mikayılzadə və Lalə Əbdürəhmanova həm fərdi, həm də qrup ötüşməsində bütün rəqiblərindən güclü olublar.Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, birinci vitse-prezident Sahib Ələkbərov, vitse-prezident Robert Eyyubov və federasiyanın Nəzarət-Təftiş Komissiyasının sədri Fərid Haqverdi təqdim ediblər.xeber100.com

Fevral 20, 2022 9:11

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək

Fevralın 19-da “Qəbələ” – “Səbail” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək.Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 15:00-da başlayacaq. Matçı Rauf Cabbarov idarə edəcək.Hazırda əyalət təmsilçisi 26 xalla ikinci, paytaxt klubu isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 8-də qəbələlilər, 4-də isə bakılılar qələbə qazanıblar. Top nisbəti də “qırmızı-qaralar”ın xeyrinədir - 31:16.Digər matçda sonuncu çempion “Neftçi” komandası “Keşlə” ilə üz-üzə gələcək. Saat 17:15-də başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.“Ağ-qaralar” 15 turdan sonra 22 xalla 4-cü, qonaqlar isə 14 xalla 6-cı sıradadırlar. Paytaxt klubları ölkə çempionatlarında 68 dəfə qarşılaşıblar. Bu matçların 37-si “Neftçi”nin, 16-sı isə “Keşlə”nin qələbəsi ilə başa çatıb. Top fərqində də meydan sahiblərinin aşkar üstünlüyü hiss olunur - 108:66.Tura fevralın 20-də oynanılacaq “Zirə” – “Sabah” və “Qarabağ” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. “Qəbələ” 26 xalla ikinci, “Zirə” 25 xalla üçüncü, “Neftçi” isə 22 xalla dördüncü yerdədir. Digər pillələrdə “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) klubları qərarlaşıblar.xeber100.com

Fevral 19, 2022 4:38

Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə…

Karate üzrə Azərbaycan komandası fevralın 18-20-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa seriyasından yarışda iştirak edəcək.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin məlumatına görə, millinin heyətində 9 idmançı yer alıb. Belə ki, kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınların turnirində isə İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Kata üzrə isə ölkəmizi Roman Heydərov təmsil edəcək.Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər sırasında yer alıblar. R.Əliyev, həmçinin dərəcəsini yüksəltmək üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən başlayaraq bir sıra dəyişikliklərlə keçirilir. Yarışa, əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər.Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sistemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni davam etdirəcəklər. Yarımfinalda məğlub olanlar bürünc medala sahib olacaqlar. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.Turnirdə 55 ölkədən 342 idmançı iştirak edəcək.xeber100.com

Fevral 17, 2022 5:42