Sumqayıt şəhərində şahmat məsələlərinin həlli üzrə 41-ci Azərbaycan çempionatı keçirilib.Yarışın baş hakimi və şahmat bəstəçiliyi üzrə milli komandanın baş məşqçisi, Əməkdar məşqçi İlham Əliyev Azərtac-a bildirib ki, Sumqayıt Şahmat Məktəbində baş tutan çempionatda qələbə uğrunda ölkəmizin 10 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, Göygöl, Şəki, Şabran, Qəbələ, Naftalan, Tərtər, Xızı) 35 şahmatçı mübarizə aparıb.İlk turlardan Gəncə şahmatçısı Amil Abbasov liderliyi ələ keçirib və günün sonunadək, yəni 3 turdan sonra liderliyi qoruya bilib. On beş qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) 6-cı tur öncəsi liderliyi ələ keçirsə də, son məsələnin həllində kobud səhvə yol verərək, qələbəni əldən verib. Amil Abbasov 6-cı turda, əks-mat bölməsində daha yaxşı nəticə göstərərək 90 mümkün xaldan 70-ni toplayaraq 13-cü Azərbaycan çempionu adını qazanıb.Gümüş medalı 67 xalla Araz Alməmmədov, bürünc mükafatı isə 51,5 xalla Rəvan Əliyev əldə ediblər.Qadınlar arasında çempion adına 40,5 xalla Ləman Hacıyeva sahib olub. İkinci yerdə 27,5 xalla Nərminə Ruzicəng, üçüncü pillədə isə 20 xalla Aydan Hüseynzadə qərarlaşıb.Bölmələrdə çempion adını Vüqar Bayramov (ikigedişli), Amil Abbasov (üçgedişli və əks-mat), Uğur İlyaslı (etüdlər), Araz Alməmmədov (yardımmat və çoxgedişli) qazanıblar.Daha üç nominasiyada – veteranlar arasında Aqşin Məsimov (+60), gənclərin yarışında Murad İsmayılov (18 yaşa kimi), yeniyetmələrin turnirində Elnur Səfərəliyev (12 yaşa kimi) birinci yeri tutublar.Qaliblər pul mükafatları, medallar, fəxri fərmanlarla mükafatlandırılıblar.Ölkə çempionatı dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə, ümumi 18 məsələ təqdim olunmaqla keçirilib. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilib. Yarış şahmat həlletməsi üzrə dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçib.Qeyd edək ki, həlletmə komandamız noyabrda BƏƏ-nin Fujairah şəhərində keçiriləcək və mükafat fondu 30 min ABŞ dolları olacaq dünya çempionatında ölkəmizi təmsil edəcək.Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveçrədə dünya, 2016-cı ildə isə Yunanıstanda Avropa çempionatında gümüş medal qazanıb.xeber100.com