Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat çoxalıb

Bu ilin 6 ayında Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat çoxalıb. Ötən ilin birinci yarısı ilə müqayisədə istehsal və ixrac artıb.“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən Azərtac-a bildirilib ki, ilin ilk yarısında ASC tərəfindən xarici dövlətlərə 648 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Bu da ötən ilin birinci yarısı ilə müqayisədə 24 milyon kilovat/saat çoxdur.Ötən ilin birinci yarısı ilə müqayisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, bu ilin 6 ayında 11 milyard 544 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 521 milyon kilovat/saat çoxdur.Ən əsası isə keçən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat artıb. Ötən dövrdə yüzlərlə çoxmərtəbəli bina, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb.“Azərişıq” ASC-nin məlumatına görə, əhalisinin sayı 10 milyon nəfəri keçən Azərbaycanda təkcə bu ilin birinci yarısında “ASAN xidmət” və elektron qaydada 12 mindən çox əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. Yarım ildə tələbatın bu səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini, ən əsası isə enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir.Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən çox təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.xeber100.com

İyul 3, 2019 2:32

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

İyulun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184,6 kvadratmetr olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231,8 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111,5 kvadratmetrdir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirib.Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirib. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33,6 kvadratmetrdir.Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərraca qatılıblar. Özəlləşdirilən “BMW”, “QAZ”, “Fiat” markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci ildir.Komitə tərəfindən növbəti hərrac iyulun 9-da keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.ƏMDK-nın təşkil etdiyi hərraclarda sadə iştirak imkanları ilə internetin olduğu məkandan özəlləşdirməyə qoşulmaq mümkündür. Seçdiyi əmlakı elektron sifariş verməklə yanaşı, hər kəs hərracda onlayn formada iştirak edə bilər. Bu fürsətlər özəlləşdirmədə rahat iştirakı və şəffaf mühiti təmin edir.xeber100.com

İyul 2, 2019 7:28