“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının dəstəyi ilə “Xocəsən” elektrik deposunda ağacəkmə kampaniyası təşkil olunub. Ötən il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə birinci mərhələ üzrə inşaat işləri yekunlaşdırılaraq istifadəyə verilmiş “Xocəsən” elektrik deposu 24,28 hektar ərazini əhatə edir. Bənövşəyi xəttə xidmət göstərən depoda bu günə qədər 1000-dən artıq ağac əkilib, yaşıllıqlar salınıb. Xocəsən qəsəbəsində yerləşən elektrik deposunda inşaat işləri 3 mərhələdə, əvvəlcədən nəzərdə tutulmuş layihəyə uyğun aparılır. Bu isə gələcəkdə elektrik deposunda işçilərin ekoloji təmiz məkanda asudə vaxtlarını keçirməsi üçün nəzərdə tutulmuş istirahət guşələrinin yaradılmasını da özündə ehtiva edir. “Bakı Metropoliteni”ndən bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti aksiya zamanı depo ərazisində mövsümi şərait və ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, 200-ə yaxın zeytun ağacı əkilib. Aksiyada rayon təşkilatının fəalları və “Bakı Metropoliteni” QSC-nin kollektivinin üzvləri yeni istifadəyə verilmiş depo ərazisində yaşıllıqların salınması işində yaxından iştirak etməklə gələcəyə töhfə veriblər. Deponun indiki ərazisinin bir hissəsində vaxtilə pərakəndə tikilmiş obyektlər yerləşib. Digər hissədə ekoloji mühitə mənfi təsir edən bataqlıq olub. Burada ətraf mühitin çirklənməsinə münbit şərait yaradan müxtəlif tullantıların atılması ilə antisanitar vəziyyət hökm sürüb. Deponun inşası və layihə üzrə aparılan abadlıq işləri ötən qısa müddət ərzində ərazinin ekomühitinin sağlamlaşdırılmasına hiss olunacaq təsir göstərib.xeber100.com

May 8, 2023 2:44

SOCAR: Cari ilin birinci rübündə qaz hasilatı 15 faiz artıb

Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub. SOCAR-dan verilən məlumata görə, müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib. Cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15 faiz artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3 faiz artıb. Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2 faiz artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan çox neft, 6,3 milyard kub metrdən çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 faiz artım qeydə alınıb. Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona yaxın neft, 892 milyon kubmetrdən çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kub metr təşkil edib.xeber100.com

Aprel 29, 2023 3:14

Bakı-Vyana-Bakı birbaşa uçuşlarına start veriləcək

Mayın 2-dən etibarən Bakı-Vyana-Bakı birbaşa uçuşlarına start veriləcək. Həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tərəfindən icra ediləcək. Birbaşa uçuşların başlanması münasibətilə aprelin 24-də Avstriyanın paytaxtı Vyanada Dövlət Turizm Agentliyinin və Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə təqdimat keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı-Vyana-Bakı birbaşa uçuşlarının ikitərəfli turizm əlaqələrin inkişafı ilə yanaşı, qarşılıqlı turist mübadiləsinə də töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini bildirib. Fuad Nağıyev Azərbaycanın turizm istiqaməti kimi tanıdılması məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan və Avstriya arasında iqtisadi-ticari əlaqələrin dinamik inkişaf etdiyini, turizm əlaqələrinin genişlənməsinin dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəyini qeyd edib. Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə Dövlət katibi Suzanne Kraus-Vinkler birbaşa hava uçuşlarının turizm sahəsində mühüm rol oynayaraq, insanlara rahat səyahət seçimləri verdiyini, həmçinin iqtisadi faydalar gətirdiyini bildirib. O, Vyana-Bakı uçuşlarının ölkələrimiz arasında turizm və iqtisadi əlaqələrin güclənməsində əsaslı rol oynayacağını, turizm üzrə uğurlu əməkdaşlıqlara təkan verəcəyini diqqətə çatdırıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZAL tərəfindən yerinə yetiriləcək birbaşa uçuşlarda sərnişinlərin daşınmasının, uçuşların rahatlığının və xidmətin yüksək keyfiyyətlə həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, növbəti mərhələdə AZAL tərəfindən Avropanın digər şəhərlərinə də birbaşa uçuşların həyata keçiriləcəyini vurğulayıb.  

Aprel 25, 2023 2:23