“TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək

İyunun 11-13-də Bakı Expo Mərkəzində XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşınma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.Azərbaycan, Avstriya, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edir. Bu il Türkmənbaşı Beynəlxalq Dəniz Limanı sərgidə debüt edəcək.Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.xeber100.com

Aprel 10, 2018 4:29

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 8-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 5000 kvadratmetr arasında dəyişir.Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.xeber100.com    

Aprel 9, 2018 2:40