“Caspian European Club”un iclası keçirilib

Bakıda “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə klubun idarə heyətinin üçüncü iclası təşkil olunub.“Caspian European Club”dan Azərtac-a bildirilib ki, toplantıda klubun strategiyası, həmçinin 2018-ci ilin sonuna kimi həyata keçirilməsi zəruri olan yeni layihə və məsələlər müzakirə olunub.T.Əliyev iclasın idarə heyətinin üzvlərinin və “Caspian European Club”un işçi komitələrinin rəhbərlərinin iştirakı ilə hər ay keçirildiyini qeyd edib. Hər toplantı ənənəvi olaraq idarə heyəti üzvlərinin bir ofisində təşkil olunur. Budəfəki iclas Avni Dəmirçinin rəhbərlik etdiyi “Ziraat Bank Azerbaijan”ın ofisində baş tutub. A.Dəmirçi, eyni zamanda, “Caspian European Club”un tərkibinə daxil olan “Banking & Finance Committee”nin rəhbəridir.İdarə heyətinin hər bir üzvü hesabat təqdim edib, rəhbərlik etdiyi işçi komitəsinin cari fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bundan əlavə toplantıda, həmçinin ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib. Aprelin 18-nə planlaşdırılan V Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”, iyun ayında baş tutacaq VI “Caspian Energy Forum Naxhchivan – 2018”, eləcə də müvafiq olaraq sentyabr və dekabr aylarında keçiriləcək “Caspian Energy Forum Baku – 2018” və “Caspian Energy Forum Prague – 2018”ə hazırlıq müzakirə olunub.“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Azərbaycan Prezidentidir.Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə xidmət edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.xeber100.com

Mart 5, 2018 4:36

Beynəlxalq Enerji Agentliyinin hesabatında

Qlobal neft tələbatının 2018-2023-cü illərdə gündəlik 6,9 milyon barrel artaraq 104,7 milyon barrelə çatacağı gözlənilir.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar analizini əhatə edən “Neft 2018 Hesabatı”nda deyilir.Hesabata görə, ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artmağa davam edəcək. Bu dövrdə qlobal neft tədarükündəki artımın 60 faizi ABŞ-ın payına düşəcək. Qlobal neft tələbatı 2018-2023-cü illəri əhatə edən dövrdə gündəlik 6,9 milyon barrelədək artaraq 104,7 milyon barrelə çatacaq. Qlobal neft tələbatındakı çoxalmaya Asiyada iqtisadi artım və ABŞ-ın neft-kimya sənayesi təsiredici olacaq. Bu dövrdə qlobal neft istehsalının həcmi isə gündəlik 6,4 milyon barrel artaraq 107 milyon barrelə çatacaq.Bununla yanaşı, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 2023-cü ilə qədər gündəlik 750 min barrel artacaq.Hesabatı şərh edən IEA-nın icra direktoru Fatih Birol deyib: “Neft yataqlarına qoyulan investisiyaların az olması qlobal bazarda narahatlıq yaradır. Səmərəsi azalan neft yataqlarının inkişafı üçün daha çox investisiya qoymaq lazımdır. Qlobal mənada gündəlik 3 milyon barrel neftin itkisinin qarşısını almaq üçün bu investisiyalar mütləq edilməlidir. Bu göstərici Şimal dənizindən çıxarılan həcmə bərabərdir”.xeber100.com  

Mart 5, 2018 4:33

Novruz bayramı ilə əlaqədar satış yarmarkaları təşkil ediləcək

Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC satış yarmarkaların təşkilinə start verib.Bu barədə "Apa-Economics"ə ASC-dən məlumat verilib.Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1; Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi); Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı); Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı); Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir. "Yarmarkalarda əhaliyə təklif olunan məhsullar Səhmdar Cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib. Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq. Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq", - deyə məlumatda vurğulanıb.Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.xeber100.com

Mart 3, 2018 9:43