“Azərsu” Açıq Səhmdar Cəmiyyəti xəbərdarlıq edib

Hidrometeoroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların diqqətinə çatdırıb ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir. ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fərdi evlərdə və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi evlərdə və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Abonentlərin diqqətinə çatdırılır ki, fərdi evlərdə və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və sair) onların yeniləri ilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir. Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən “955” Zəng mərkəzinə müraciət edə bilərlər.xeber100.com

Yanvar 25, 2023 1:52

“Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışıb

Yanvarın 9-da qarlı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarından "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışıb. QSC-dən bildirilib ki, açıq hava şəraitində yerləşən elektrik depolarında qarla mübarizə qərargahlarının fəaliyyəti operativ tədbirlər planına uyğun tənzimlənib. Qışa hazırlıq “Bakı Metropoliteni” QSC-nin sədrinin əmrinə əsasən, 2022-ci il iyunun 22-də bütün təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsi məqsədilə növbətçilik cədvəlləri, o cümlədən əməkdaşların yaşayış məkanı və şəxsi əlaqə vasitələri barədə məlumatlar hazırlanmaqla müntəzəm yoxlanması, işçilərin texniki məşğələ və təlim-məşqlərə cəlb olunması həyata keçirilir, bütün texniki vasitələr optimal hazırlıq vəziyyətində saxlanılır. Bu plana uyğun olaraq, həyata keçirilən əməliyyat tədbirləri vaxtında yerinə yetirilib. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib. Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib. Yanvarın 9-da Bakı metropolitenindən 661 min 593 sərnişin istifadə edib. Hazırda nəzarət mexanizmləri optimal səviyyədə qorunub saxlanılır.xeber100.com

Yanvar 10, 2023 2:17