Davosda keçiriləcək Dünya İqtisadi Forumunda…

Yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və Baş naziri iştirak edəcək.Azərtac forumun saytına istinadla xəbər verir ki, “Parçalanan dünyada birgə gələcək yaratmaq” mövzusuna həsr edilən builki Dünya İqtisadi Forumunda 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: “Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındakı ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik”.Davosdakı yığıncaqlarda ölkələr arasındakı ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmaq mövzusuna əsas diqqətin yönələcəyi bildirilib. Forumda, həmçinin Suriya böhranı ilə bağlı yığıncaq təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhranı da forumda müzakirə ediləcək.Forumun açılışını Hindistanın Baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək.WEF çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi təmin etmək üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.Yığıncağa dövlət başçıları ilə yanaşı BMT-nin baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rəhbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.xeber100.com

Yanvar 18, 2018 3:36

“Caspian European Club” Maliyyə Forumu keçirəcək

“Caspian European Club” fevralda Bakıda Maliyyə Forumu keçirəcək.Azərtac xəbər verir ki, bu barədə yanvarın 17-də jurnalistlərə açıqlamasında “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli deyib.O bildirib ki, Maliyyə Forumunun fevralın 28-də keçirilməsi nəzərdə tutulur. Forumda maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Neft Fondunun iştirakı gözlənilir.M.Abbasbəyli qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün mütəmadi addımlar atılır. Ən önəmlisi isə son dövrlərdə aparılan vergi islahatları və gözlənilən dəyişikliklərdir. “Sahibkarların fəaliyyətinə ən çox təsir edən məqam vergi sahəsidir. Bu sahədə atılan addımlar və aparılan islahatlar təbii ki, sahibkarlıq sahəsində müsbət dəyişikliklərə yol açacaq. “Caspian European Club”un istəyi ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən iş adamlarını bir araya toplayıb vergi ilə bağlı problemləri, ondan çıxış yollarını müzakirə etmək və bununla bağlı Vergilər Nazirliyinə təkliflər paketi hazırlamaqdır. Burada iki istiqamət üzrə məsələlər mövcuddur. Birincisi qanunvericilik baxımından müəyyən islahat xarakterli tədbirlərin həyata keçirilməsi. İkincisi isə mövcud qanunvericiliyin tətbiqi ilə bağlı olan problemlərdir. Biz hər iki istiqamət üzrə də öz təkliflərimizi irəli sürməyə hazırlaşırıq. Bu il Vergilər Nazirliyi ilə də görüşün keçirilməsi planlaşdırılır”, - deyə M.Abbasbəyli bildirib.2017-ci ilin yekunlarını qənaətbəxş hesab etdiyini söyləyən “Caspian European Club”un baş icraçı direktoru bildirib ki, klub ötən il 40-dan çox tədbir keçirib və bununla bağlı geniş hesabat hazırlanır. Həmin görüşlərdə səsləndirilən təkliflər və qəbul edilən qərarlar hesabatda öz əksini tapacaq.xeber100.com

Yanvar 17, 2018 12:28

“4G LTE” mobil internet xidməti istifadəyə verilib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultrasürətli “4G LTE” mobil internet xidmətini istifadəyə verib.4G şəbəkəsinin metroda qurulması yüksək həcmdə trafik mübadiləsi tələb edən film izləmək, şelfi çəkib paylaşmaq kimi xidmətlərin istifadəsini dayandırmaq istəməyən sərnişinlərin çoxdan gözlədiyi hadisədir.“Bakcell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (təmir olunan “Sahil” stansiyası istisna olmaqla) mövcuddur. “Bakcell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd edək ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.“Biz metrodan tez-tez istifadə edən “Bakcell” abunəçilərinə çox yüksəkkeyfiyyətli “4G LTE” xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə belə bizim ultrasürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və bütün məkanlarda genişzolaqlı internetə yüksəksürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.4G xidməti sayəsində “Bakcell” abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, irihəcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.“Bakcell” şirkəti bundan sonra da öz abunəçilərini yeniliklər, ən son texnologiyalar və müasir, rahat və etibarlı xidmətləri ilə sevindirəcək.xeber100.com

Yanvar 17, 2018 12:26

TANAP təbii qaza olan tələbatın 12 faizini qarşılayacaq

Trans-Anadolu qaz boru kəməri (TANAP) Türkiyənin təbii qaza olan tələbatının 12 faizini qarşılayacaq.Azərtac xəbər verir ki, bu barədə TANAP məlumat yayıb. Bildirilir ki, TANAP layihəsi üzrə Faza-0, yəni 2018-ci ildə Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər tamamlanmaq üzrədir. Boru kəməri tamamlandıqda Türkiyənin 20 şəhərini geridə qoyacaq.Qeyd edək ki, Faza-0 çərçivəsində işlərin 96 faizdən çoxu tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 73 faizdən çoxu icra edilib. TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində 9 mindən çox işçi çalışır.Faza-0 çərçivəsində TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də “Telecom-SCADA” binalarının inşası tamamlanıb. İnşası aparılan 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq.Bu ay ərzində isə genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlanacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu iyun ayının sonuna qədər davam edəcək.Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. Bu il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.xeber100.com

Yanvar 16, 2018 3:40

“Azərişıq” ASC-yə daxil olan müraciətlərin sayı 17,1 faiz artıb

2017-ci ildə “Azərişıq” ASC-yə daxil olan müraciətlərin sayı 17,1 faiz artıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ötən ildə “Azərişıq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə səhmdar cəmiyyətin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı idarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb. Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib.“Azərişıq” ASC-nin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi istehlakçılar tərəfindən daxil olan bütün müraciətlər cavablandırılıb.Aparılan analitik araşdırmalara görə, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30,8 faiz). 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz azalma müşahidə olunub.ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub, bütün müraciətlər qısa müddət ərzində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb. 2016-cı ilin analoji dövründə 5477 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 17,1 faiz artıb.Statistikaya əsasən, elektron müraciətlərin daha çevik və operativ həlli istehlakçıların bu xidmətdən istifadəsini artırıb. Həmçinin daxil olan müraciətlər həftənin 6 günü cavablandırılır, istehlakçıların bütün müraciətləri araşdırılır.xeber100.com  

Yanvar 15, 2018 3:50