Bakı Nəqliyyat Agentliyinin məlumatı

“Sovetski” layihəsi çərçivəsində 251 müxtəlif təyinatlı yol nişanı quraşdırılıb.Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sədri Mais Ağayev məlumat verib.O bildirib ki, BNA paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlərin icrasını təmin edib. Təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlar təhlil edilib. Əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub.M.Ağayevin sözlərinə görə, sözügedən ərazidə 17 piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib.xeber100.com  

Avqust 9, 2017 11:51

“Thomson Reuters Oil Research”ın məlumatı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə iyul ayında rekord həcmdə neft satılıb.“Thomson Reuters Oil Research” xəbər verir ki, OPEC-in iyul ayı üzrə xam neft ixracı ötən həftə əksəriyyəti Nigeriyada olmaqla gündəlik 26,11 milyon barrel ilə rekord səviyyəyə çatıb.Liviya OPEC-in neft hasilatının azaldılması sazişində iştirak etməməsinə baxmayaraq gündəlik 270 min barrellik “Sharara” neft yatağından istehsalı tədricən azaltmağa başlayıb.OPEC+ ölkələrinin nümayəndələri Abu-Dabidə yığışaraq neft hasilatının azaldılması sazişinə əməl olunması faizini artırmağın yollarını və “qara qızıl”ın qiymətinin gələcəyini müzakirə edirlər.“CNBC”nin 21 analitik, treyder və iqtisadçı arasında apardığı son sorğuya əsasən, xam neftin bir barrelinin qiyməti sentyabr ayının sonuna qədər 50 dollar civarında olacaq. Bu dövrdə neftin ən aşağı qiymət proqnozu 40 dollar/barrel, ən yüksək qiymət proqnozu isə 56 dollar/barrel təşkil edib.Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Avqust 8, 2017 12:28

“Trans-Adriatik” layihəsinə 84,8 milyon avro vəsait xərclənib

İspaniyanın “Enagás” enerji şirkəti bu ilin birinci yarısında Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 84,8 milyon avro vəsait xərcləyib.Azərtac şirkətə istinadla xəbər verir ki, TAP-ın səhmdarı olan “Enagás”ın yarım ildəki ümumi investisiyalarının həcmi isə 202 milyon avro təşkil edib.Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Avqust 7, 2017 12:10

Mərkəzi Bankın məlumatına görə…

Yanvar-iyun aylarında inflyasiya amillərini nəzərə alaraq pul bazasının artım kanalları idarəetməyə götürülüb, pul bazası pul siyasətinin başlıca əməliyyat lövbəri olub.Azərtac Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, hesabat dövründə bank özünün likvidlik əməliyyatlarının aparılması zamanı, məhz pul bazası üzrə hədəfə əsaslanıb. Əsas məqsəd pul təklifi kanallarını tənzimləmək və bu yolla inflyasiyanın yüksəlməsinin qarşısını almaq olub.Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 5,3 faiz artıb və birinci yarımilliyin sonuna 8274.5 milyon manat təşkil edib. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir.Dövr ərzində dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 5,6 faiz, manatla müxbir hesablar isə 1,6 faiz artıb. Dövrün sonuna manatla pul multiplikatoru 1,38 təşkil edib. Birinci yarımillikdə manatla geniş pul kütləsi (M2) 1 faiz azalaraq dövrün sonuna 11435.9 milyon manat təşkil edib.Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdiriblər. Belə ki, dövr ərzində nağd pul kütləsi 6,2 faiz, fiziki şəxslərin manat əmanətləri 21,2 faiz artıb, hüquqi şəxslərin manat depozitləri isə 21,9 faiz azalıb. Manatla müddətli depozitlər dövr ərzində 16 faiz, tələb olunanadək depozitlər isə 3,7 faiz azalıb.Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0,4 faiz artıb və dövrün sonuna 20973 milyon manat təşkil edib. Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq birinci yarımilliyin sonuna 45,6 faiz təşkil edib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64,4 faiz təşkil etdiyi halda yarımilliyin sonuna 67,2 faiz təşkil edib.Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21,2 faiz artıb, xarici valyutada əmanətləri isə 19,5 faiz azalıb. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6 faizdən 73,4 faizə enib.xeber100.com

Avqust 5, 2017 5:31